Bayıl yamacı niyə eyni yerdə təkrar-təkrar sürüşür?
Elnur Səfərov,
SOCAR-ın Geofizika və Geologiya İdarəsinin əməkdaşı
Bakının cənub yamacları yenidən hərəkətdədir. Bu, təsadüf deyil, geoloji qanunauyğunluqdur.
Geoloq üçün bu xəbərdə təəccüblü heç nə yoxdur. Bayıl–Badamdar yamacı Bakının ən yaxşı öyrənilmiş sürüşmə zonalarından biridir. Sual "niyə sürüşdü?" deyil, "bu yamac niyə dayanıqsızdır və biz onunla necə yaşamalıyıq?" olmalıdır. Elmi baxımdan yamacın davranışı üç sualın cavabı ilə izah olunur: hansı süxurlar və hansı geometriya yamacı potensial dayanıqsız edir, hansı amil tarazlığı pozur və proses niyə eyni sahədə dövri olaraq təkrarlanır.
Ərazinin süxur kəsilişi dayanıqlıq baxımından əlverişsizdir. Mütəxəssislərin məlumatına görə, yamac əhəngdaşı, qum və qumlu gillərdən təşkil olunub, bəzi sahələrdə meyillik 60°-dən də çoxdur. Bayıl yamacında aparılmış seysmik-geoloji tədqiqatlar da bunu təsdiqləyir. Belə litoloji növbələşmə hidrogeoloji baxımdan da əhəmiyyətlidir. Qumlu və əhəngdaşılı laylar suyu yaxşı buraxır, gilli laylar isə çox zəif buraxır. Nəticədə yağış və məişət suları keçirici laylarla aşağı süzülür, gilli horizontun üzərində toplanır və yamac daxilində müvəqqəti yeraltı su səviyyəsi yaradır. Sadə desək, yamac gilli laylardan ibarət "sürüşkən" əsas üzərində dəniz tərəfə meyillidir. Gilli süxurun dayanıqlığını onun nəmliyi həll edir. Quru gil möhkəmdir. Su ilə doyduqda isə daxili sürtünmə və bərkliyi sürətlə azalır, məsamə təzyiqi artır, kütlə həm ağırlaşır, həm də zəifləyir.
Suyun mənbəyi iki cürdür:
Təbii: intensiv yağış. Bu dəfə də sürüşmənin aktivləşməsi güclü yağışlardan sonra baş verib. Fevral ayında da yağış və qar sürüşməni yenidən fəallaşdırmışdı. Gilli süxurda süzülmə yavaş getdiyindən məsamə təzyiqi yağışdan müəyyən gecikmə ilə artır, ona görə sürüşmə çox vaxt yağışın ən güclü anında deyil, ondan sonrakı dövrdə aktivləşir.
Texnogen: yamacın yuxarı hissəsindəki evlərdən süzülən məişət və çirkab suları. Mütəxəssislər uzun illərdir kanalizasiya şəbəkəsinin olmaması səbəbindən çirkab suların torpağa axdığını, laylar su ilə doyduqca onların dayanıqlığını itirərək hərəkətə keçdiyini bildirir. Təbii yağış mövsümi xarakter daşıyır, yeraltına axıdılan çirkab su isə yamacı il boyu nəmləndirən daimi mənbədir. Bu su gilli komponenti yumşaldır və qum-gil laylarında xırda hissəciklərin yuyulmasına səbəb ola bilər.
Üçüncü amil yamacın kəsilməsidir. Yamacın ətəyini kəsmək, geoloji dillə desə, "dayaq prizmasını" götürmək deməkdir. Yamac öz müqavimət dayağını itirir. Əksinə, yamacın yuxarı hissəsinə tikili, qrunt və ya başqa yük əlavə etmək sürüşdürücü qüvvəni artırır. Beləliklə, kəsmə və yüklənmə eyni nəticəyə, yəni təhlükəsizlik əmsalının azalmasına gətirir.
Niyə eyni yerdə təkrar-təkrar?
Bu, sürüşmənin təbiətindən gəlir. Bir dəfə hərəkət etmiş kütlənin sürüşmə səthi bərpa olunmur. Orada gilin möhkəmliyi "qalıq" səviyyəyə düşür və sonrakı hərəkət üçün çox az təkan kifayət edir. Bayıl zonası bunun nümunəsidir. Yəni bugünkü proses yeni sürüşmə deyil, köhnə sürüşmə kütləsinin yenidən canlanmasıdır. Geotexnikada bu hadisə pik və qalıq möhkəmlik anlayışları ilə izah olunur. Pozulmamış gil pik möhkəmliyə malikdir. Sürüşmə zamanı kəsilmə zonasında lövhəvari gil hissəcikləri hərəkət istiqamətində düzülür və möhkəmlik pik qiymətdən qalıq qiymətə qədər düşür. Gilli yamacların uzunmüddətli dayanıqlığını qalıq möhkəmlik müəyyən edir. Əvvəl sürüşmüş zonada hərəkəti yenidən başlatmaq üçün lazım olan müqavimət ilkin vəziyyətdəkindən xeyli az olur. Tarixi məlumatlar da bunu göstərir. Bayıl yamacında sürüşmələr haqqında məlumat neft geoloqu H.V. Abixin əsərlərində rast gəlinir. Sonrakı dövrlərdə də müxtəlif vaxtlarda aktivləşmələr müşahidə olunmuşdur.
Nə etmək lazımdır?
Sürüşmənin idarə olunması təhlükəsizlik əmsalını artırmaq prinsipinə əsaslanır. Nəticədə ya sürüşdürücü qüvvələr azaldılmalı, ya müqavimət qüvvələri artırılmalı, ya da risk altındakı insanlar və obyektlər təhlükə zonasından çıxarılmalıdır. Aşağıdakı tədbirlər bu məntiqlə sıralanıb.
1. İnsan təhlükəsizliyi hər şeydən üstündür. Çatları genişlənən yamacın üstündəki və ətəyindəki evlərin sakinləri rəsmi tövsiyələrə əməl etməli, ərazini müvəqqəti tərk etməlidir. Çatların eninin artması, yeni çatların yaranması, istinad divarlarının və qurğuların deformasiyası yamacın sürətlənmə mərhələsinə keçdiyini göstərən əlamətlərdir. Hərəkətin vaxtını dəqiq proqnozlaşdırmaq çətin olduğundan əsas prinsip risk altındakı insanların əvvəlcədən təhlükəsiz yerə köçürülməsidir.
2. Drenaj və kanalizasiya. Yamac sürüşməsinə qarşı ən təsirli tədbir suyun idarə olunmasıdır. Dayaq divarı drenajsız qurulursa, divarın arxasında su yığılır, bu da divarın özünü sürüşdürür. Praktikada səth drenajı (yağış və çirkab sularını yamacdan kənara yönəldən kanallar), dərin drenaj (horizontal drenaj boruları, drenaj yarıqları və qalereyaları) və yamacın yuxarısında sızmanın qarşısını alan hermetik kanalizasiya şəbəkəsi birlikdə tətbiq olunur.
3. Yamaca əlavə yük verilməməlidir. Yeni tikinti, yamacın kəsilməsi və qazıntı bu ərazidə yolverilməzdir. Yamacın yuxarı hissəsinin yüngülləşdirilməsi və ya ətəkdə dayaq kütləsinin yaradılması, ətəyin kəsilməsi və yuxarıya yük verilməsi isə sürüşməni sürətləndirir.
4. Mühəndis-geoloji xəritələmə. Zonanın sərhədləri, sürüşmə səthlərinin dərinliyi və yeraltı suların rejimi yenilənmiş məlumatlarla dəqiqləşdirilməlidir. Bu işlər qazma, laboratoriya sınaqları və geofiziki üsulların kompleksini əhatə etməlidir.
Bayıl və Badamdar yamacları bizə təbiətin xəbərdarlığını uzun illərdir verir. Geoloji quruluş dəyişmir, dəyişə bildiyimiz yeganə şey yamaca olan münasibətimizdir. Dayanıqsız yamacda ən ucuz və ən təsirli "mühəndis həlli" ora yük vurmamaq, suyu uzaqlaşdırmaq və monitorinqi dayandırmamaqdır. Sürüşməni həmişə dayandırmaq mümkün olmaya bilər, lakin onun gətirdiyi riski məlumat, monitorinq və planlaşdırma ilə azaltmaq mümkündür.

