“Bu qurddan istifadə etməklə 8 nəfər Nobel mükafatı qazanıb” - Nobel laureatından tələbələrə tövsiyələr


2006-cı il Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatı Kreyq Mello koreyalı tələbələrlə görüşündə elmi fəaliyyətin mahiyyəti, uğursuzluğun əhəmiyyəti və süni intellekt dövründə gənclərin qarşısında duran vəzifələr barədə maraqlı fikirlər səsləndirib.
Massaçusets Universitetinin Tibb Məktəbinin professoru olan 66 yaşlı alim sentyabrın 10-da Kyongi əyalətinin Suvon şəhərində yerləşən Sonqkyunkvan Universitetinin Təbiət Elmləri kampusunda tələbələr qarşısında mühazirə ilə çıxış edib.
K.Mello mühazirəsinə torpaqda yaşayan və uzunluğu cəmi 1 millimetr olan C. elegans adlı nematodu nümayiş etdirməklə başlayıb. O, tələbələrə xatırladıb ki, bu kiçik qurddan istifadə edilən tədqiqatlar bir çox mühüm elmi nəticələrə yol açıb.
“Bu qurddan istifadə etməklə səkkiz nəfər Nobel mükafatı qazanıb”, – deyən alim mühüm bir məqama diqqət çəkib: “Tədqiqatlar möhtəşəm ideyalardan başlamır”.
Bu sözlər mühazirə zalını dolduran 80-dən çox tələbənin diqqətini cəlb edib.
“Sual verməkdən və səhv etməkdən qorxmayın”
Kreyq Mellonun tələbələrlə görüşündə əsas mesajlarından biri elmdə uğursuzluğun roluna həsr olunub.
Alim müşahidə edib ki, koreyalı gənclər yüksək qabiliyyət və böyük akademik həvəsə malik olsalar da, çox vaxt sual verməkdən çəkinir və uğursuzluqdan qorxurlar.
Mellonun fikrincə, bu yanaşma elmi düşüncənin ruhuna uyğun deyil. Çünki elm hazır cavabları qəbul etməkdən deyil, onları şübhə altına almaqdan və yoxlamaqdan başlayır.
“Elmin mahiyyəti təkrar-təkrar edilən səhvlər və uğursuzluqlar vasitəsilə həqiqəti tapmaqdır”, – deyə Nobel laureatı vurğulayıb.
O, tələbələrə xüsusilə süni intellekt dövründə diqqətli olmağı tövsiyə edib:
“Nüfuzlu şəxslərin iddialarını və hətta süni intellektin cavablarını belə olduğu kimi qəbul etməyin. Sual verən və onların yanlışlığını sübut etməyə çalışan gənclərə çevrilin”.
Bu fikir müasir təhsil üçün də mühüm mesajdır. Süni intellekt hazır cavabları sürətlə təqdim edə bilər. Lakin elmi düşüncənin əsasını təşkil edən şübhə, sual vermək, yoxlamaq, səhvi üzə çıxarmaq və müstəqil nəticəyə gəlmək bacarıqları insanın üzərinə düşür.
Kiçik qurdun böyük elmi kəşfi
Kreyq Mello 1998-ci ildə RNT interferensiyası adlanan mexanizmi kəşf edib. Bu mexanizm müəyyən genlərin fəaliyyətini, başqa sözlə, gen ifadəsini susdurmağa imkan verir. Məhz bu kəşfə görə Mello 2006-cı ildə Fiziologiya və ya Tibb üzrə Nobel mükafatına layiq görülüb.
Onun elmi işi zülal sintezindən əvvəl xəbərçi RNT-nin parçalanması yolu ilə problemli zülalların istehsalının qarşısının alınmasına əsaslanır. Bu kəşf nadir genetik xəstəliklərin və xərçəngin müalicəsi istiqamətində yeni imkanların yaranmasına səbəb olub.
Tələbələrdən birinin “Bu texnologiya gələcəkdə xərçəngi müalicə edə bilərmi?” sualına Mello nikbin cavab verib:
“Bu, tamamilə mümkündür. Çünki xərçəngə səbəb olan genləri söndürməyə imkan verən texnologiya tezliklə inkişaf etdiriləcək”.
“Qızım 1-ci tip diabetdən əziyyət çəkir”
Nobel laureatı nadir xəstəliklərin müalicəsi mövzusuna toxunarkən şəxsi həyatından da danışıb.
“Qızım 1-ci tip diabetdən əziyyət çəkir, ona görə də xəstələrin və ailələrin yaşadığı ağrını başa düşürəm”, – deyə Mello bildirib.
Alim qeyd edib ki, illərlə apardığı araşdırmalar və çoxsaylı uğursuzluqlar nəticəsində əldə etdiyi kiçik elmi kəşflər sonradan mühüm tibbi tətbiqə çevrilib.
“Qurdun fiziologiyasını öyrənərkən saysız-hesabsız uğursuzluqlardan sonra əldə etdiyim kiçik kəşflər dünyanın ilk RNT interferensiyası terapiyasına çevrildi və xəstələrin həyatını xilas etdi. Bir alim kimi bu, mənim üçün ən böyük mükafatlandırıcı an idi”, – deyə o bildirib.
Dərmanlar niyə əlçatan olmasın?
Mello çıxışında elmi kəşflərin cəmiyyətə çatdırılması məsələsinə də diqqət çəkib.
Onun sözlərinə görə, bəzi sağalmaz xəstəliklərin müalicəsində artıq ildə cəmi bir və ya iki inyeksiya tələb edən yeni terapiyalar meydana çıxır. Lakin belə müalicələrin geniş ictimaiyyət üçün əlçatan olması üçün yalnız elmi kəşf kifayət deyil.
Nobel laureatı burada hökumətlərin üzərinə mühüm məsuliyyət düşdüyünü düşünür.
“Bu faydaların ictimaiyyətə çatması üçün hökumətlər bunu mənfəət yönümlü özəl şirkətlərin öhdəsinə buraxmaq əvəzinə, kütləvi istehsal infrastrukturu və elmi-tədqiqat və inkişaf işlərinə investisiya qoymalıdırlar”, – deyə Mello vurğulayıb.
Onun fikrincə, bu cür investisiyalar dərmanların qiymətinin kəskin azalmasına və nəticədə daha çox xəstənin müalicədən yararlanmasına imkan verə bilər.
Nobel laureatlarının görüşü
Kreyq Mello Koreyaya ilk dəfə səfər edib. O, ölkənin zəngin mətbəxi, mədəniyyəti və tarixinin onda dərin təəssürat yaratdığını bildirib. Xüsusilə koreyalı gənclərlə görüşlərindən məmnun qaldığını qeyd edib.
“Nobel Dialogue 2026” çərçivəsində Mello 2021-ci il Kimya üzrə Nobel mükafatı laureatı Devid MakMillan və 2011-ci il Fizika üzrə Nobel mükafatı laureatı Brayan Şmidt ilə birlikdə “Süni intellektin elmi tərəqqiyə və cəmiyyətin qarşısında duran problemlərə təsiri” mövzusunu müzakirə edəcək.
Beləliklə, Nobel laureatının koreyalı tələbələrə mesajı əslində yalnız elmə yeni başlayan gənclərə deyil, süni intellekt dövründə təhsil alan bütün gənclərə ünvanlanmış çağırış kimi səslənir: hazır cavabı qəbul etmə, sual ver; səhvdən qorxma, onu araşdır; hətta süni intellektin cavabını belə yoxla. Çünki elmi tərəqqi məhz şübhədən, sualdan və səhvin arxasınca getməkdən başlayır.


Oruc Mustafayev