İsraildə seçkidən sonrakı siyasi dalan: Qurula bilməyən koalisiya və mümkün ssenarilər
Əlimusa İbrahimov
Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru
İsraildə keçirilən seçkilər iki əsas siyasi blokdan heç birinin müstəqil şəkildə həll edə bilmədiyi siyasi dalanla nəticələnib. Baş nazir Benyamin Netanyahunun hakim bloku 53 mandat, müxalifət bloku 48 mandat, ərəb partiyaları isə rekord sayılan 19 mandat əldə edib. 120 deputatdan ibarət Knessetdə hökumət formalaşdırmaq üçün 61 mandat tələb olunur. Beləliklə, tərəflərdən heç biri hökumət qurmaq üçün lazımi səs çoxluğuna malik deyil və koalisiya yaratmaq imkanları genişlənmək əvəzinə getdikcə məhdudlaşır.
Mandatların bölgüsü
Səslərin əksəriyyəti hesablandıqdan sonra məlum olub ki, Benyamin Netanyahunun rəhbərlik etdiyi Likud partiyası 26 mandatla ən böyük siyasi qüvvədir. Baş Qərargahın keçmiş rəisi Qadi Ayzenkotun rəhbərlik etdiyi Yaşar Partiyası isə 21 mandatla ikinci yerdə qərarlaşıb.
Hakim blokun ümumilikdə 53, müxalifət blokunun isə 48 mandatı var. Ərəb partiyaları 19 mandat əldə etməklə rekord nəticə göstərib və parlamentdə qüvvələr nisbətinə həlledici təsir göstərmək imkanını qazanıblar. Lakin onların bu siyasi potensialdan istifadə etməsi olduqca çətindir.
Həm Netanyahu, həm də Ayzenkot koalisiya hökuməti formalaşdırmağa çalışacaqlarını bəyan ediblər. Bununla belə, mövcud mandat bölgüsü hər iki tərəfin qarşısında ciddi siyasi və parlament maneələri yaradır.
Ərəb partiyaları: Açılması mümkün olmayan qapı
Yeni hökumətin formalaşdırılması üçün iki əsas variant mövcuddur: siyasi bloklardan birinin digər tərəfdən deputatları öz tərəfinə çəkməsi və ya ərəb partiyaları ilə əməkdaşlıq edilməsi. Lakin hər iki variantın reallaşması ciddi çətinliklərlə bağlıdır.
Ərəb partiyalarına qarşı xaricdən maliyyələşmə yolu ilə seçici fəallığının artırılması və seçkilərdə qeyri-qanuni metodlardan istifadə edilməsi barədə irəli sürülən iddialar müxalifətin həmin partiyalarla əməkdaşlıq imkanlarını daha da çətinləşdirib.
Bu iddialardan əvvəl də Ayzenkotun rəhbərlik etdiyi və ərəb partiyalarının dəstəyinə arxalanan koalisiyanın yaradılması müxalifət üçün böyük siyasi risk hesab olunurdu. Belə bir hökumətin milli siyasi konsensusdan kənarda qalan partiyaların dəstəyi ilə formalaşdığı iddia edilə və onun uzunmüddətli fəaliyyəti şübhə altına düşə bilərdi.
Son iddialar isə ərəb partiyaları ilə hər hansı əməkdaşlığa qarşı çıxan siyasi qüvvələrə əlavə arqumentlər təqdim edib.
Milli birlik hökuməti variantı
Digər mümkün ssenari Ayzenkotun Yaşar Partiyası ilə Netanyahunun rəhbərlik etdiyi siyasi blok arasında milli birlik hökumətinin yaradılması barədə razılaşmanın əldə olunmasıdır.
Lakin iki siyasətçi arasında mövcud olan ciddi fikir ayrılıqları bu variantın reallaşma ehtimalını azaldır. Ayzenkot İsrail ictimaiyyətinin Netanyahu hökumətinə etibar etmədiyini bəyan edib. Müxalifətin digər liderləri də Netanyahu ilə siyasi razılaşmaya getməkdə maraqlı görünmürlər.
Müxalifət liderlərindən biri olan Aviqdor Liberman isə müxalifət bloku ilə əlaqələrini zəiflədərək milli birlik hökumətinin yaradılması ideyasını irəli sürür. Bununla belə, Libermanın təşəbbüsü parlamentdə tələb olunan mandat çoxluğunu təmin etmir. Onun Netanyahu ilə əməkdaşlığa hazır olması müxalifətin digər nümayəndələrinin də eyni mövqedə olduğu anlamına gəlmir.
Müxalifət blokunun parçalanması ssenarisi
Daha bir ehtimal Netanyahunun müxalifət blokunu parçalamağa, bəzi deputatları öz tərəfinə çəkməyə və nəticədə tələb olunan 61 mandatı əldə etməyə çalışmasıdır.
İsraildə siyasi böhran uzun müddət davam edərsə və deputatlar növbəti seçkilərin qarşısını almaq üçün ciddi təzyiqlərlə üzləşərsə, bu ssenarinin reallaşma ehtimalı arta bilər.
Bununla yanaşı, Netanyahunun özünə qarşı irəli sürülən ittihamlar səbəbindən siyasi prosesdən kənarlaşdırılması və bu əsasda Likud partiyası ilə yeni razılaşmanın əldə olunması ehtimalı da müzakirə edilə bilər.
Lakin bu variantın reallaşması da inandırıcı görünmür. Çünki Likud partiyasının siyasi rəhbərliyi hələ də Netanyahu ilə sıx bağlıdır. Onun vəzifədən kənarlaşdırılması isə avtomatik olaraq sabit koalisiya hökumətinin yaranmasına gətirib çıxarmayacaq.
Ən real nəticə: Növbədənkənar seçkilər
Mövcud vəziyyətdə ən real ssenari koalisiya hökumətinin formalaşdırılmasının mümkünsüzlüyü səbəbindən İsraildə növbəti parlament seçkilərinin keçirilməsidir.
İsrailin siyasi tarixində parlamentdə mandat bölgüsünün hökumət yaratmağa imkan vermədiyi hallarda yeni seçkilərə müraciət edilməsi dəfələrlə müşahidə olunub. Hazırkı siyasi dalan da həmin tendensiyaya uyğun gəlir.
Bu baxımdan seçkilərin keçirilmə vaxtı xüsusi əhəmiyyət daşıyır. İddialara görə, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının başlanmasının yaxınlaşdığı bir şəraitdə Netanyahu yaranmış vəziyyətdən öz siyasi mövqelərini gücləndirmək və təkrar seçkilərdə 61 mandat əldə etmək üçün istifadə edə bilər.
Təhlükəsizlik böhranları, bir qayda olaraq, seçicilərin hakimiyyətdə olan siyasi lider ətrafında birləşməsinə şərait yarada bilər. Netanyahu da uzun illərdir özünü İsrailin təhlükəsizliyini təmin etməyə qadir ən təcrübəli siyasi lider kimi təqdim edir.
Əgər İrana qarşı hərbi əməliyyatlar seçki kampaniyasından əvvəl və ya onun gedişində başlasa, bu, ölkədəki siyasi atmosferi Netanyahunun xeyrinə dəyişə bilər. Bununla belə, bu ehtimal qəti proqnoz deyil. Eyni hərbi böhran gözlənilməz siyasi və ictimai nəticələr də doğura bilər.
Qətər amili və irəli sürülən ittihamların siyasi funksiyası
Seçkilərdən sonra Qətər İsrailin daxili siyasi proseslərinə müdaxilə etməkdə ittiham olunub. İddialara əsasən, Körfəz ölkəsi parlamentdə 19 mandat əldə edərək rekord nəticə göstərən İsrailin ərəb partiyalarına maliyyə dəstəyi verib.
İsrail Mərkəzi Seçki Komissiyasının sədri Noam Solberq xarici maliyyələşmə vasitəsilə seçkilərə qanunsuz müdaxilə cəhdinin araşdırılması barədə qərar qəbul edib. İsrailin Daxili Təhlükəsizlik Xidməti – Şin Betin (Shin Bet) araşdırmanı yaxın günlərdə başa çatdırmağı planlaşdırdığı bildirilir.
Qətər isə irəli sürülən ittihamları rədd edib. Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bu iddiaları təkzib edərək, İsrail siyasətçilərini və media nümayəndələrini Doha əleyhinə dezinformasiya kampaniyası aparmaqda ittiham edib.
Raam Partiyasının lideri Mənsur Abbas da səsləndirilən iddiaları qəbul etməyib. Digər tərəfdən, İsrailin ifrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir ərəb partiyalarının liderlərinin həbs olunmasına çağırış edib.
Bu ittihamların faktiki əsaslarının olub-olmamasından asılı olmayaraq, onların siyasi funksiyası aydındır. İlk növbədə, bu iddialar ərəb partiyalarının seçkilərdə əldə etdiyi nəticələrin legitimliyini şübhə altına alır və onların 19 mandatını siyasi baxımdan mübahisəli göstərməyə xidmət edir.
Eyni zamanda, belə bir yanaşma həmin partiyalarla əməkdaşlıq etmək istəyən istənilən müxalifət liderinin siyasi manevr imkanlarını məhdudlaşdırır və onun üçün əlavə siyasi risklər yaradır.
Araşdırmanın nəticəsində hər hansı sübutun əldə olunub-olunmayacağından asılı olmayaraq, bu ittihamlar artıq İsrailin daxili siyasi mübarizəsində müəyyən təsir göstərməyə başlayıb.

