Biləcəri qəsəbəsində yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 17 ünvanında fəaliyyət göstərən mehmanxanada keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Məlum olub ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu nasazdır. Elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və müvafiq akt tərtib edilməyib.

Obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb, taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb, köçürmə yolları müxtəlif materiallarla tutulub. Həmçinin obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərib ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanlar nəzərə alınaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş sözügedən mehmanxananın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.