Güclü küləklə bağlı FHN-dən əhaliyə xəbərdarlıq
Sabah Azərbaycanda qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Bakıda və Abşeron yarımadasında da güclü külək əsəcək, ayrı-ayrı yerlərdə intensiv yağış yağacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.
Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.
Nazirlik güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmağı, elektrik dirəkləri və naqillərinin, hündür ağacların altında dayanmamağı tövsiyə edib.
Həmçinin küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması, kiçikhəcmli gəmi istifadəçilərinin isə dənizə çıxmaması xatırladılıb.
FHN intensiv yağıntılar nəticəsində çaylarda yarana biləcək sel və daşqın, eləcə də subasma təhlükəsi ilə bağlı da xəbərdarlıq edib. Vətəndaşlara təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq və xilasedicilərin tövsiyələrinə əməl etmək tövsiyə olunub.
Bundan başqa, ildırım çaxarkən elektrik cihazlarının şəbəkədən ayrılması, telefonla danışılmaması, açıq havada elektrik xətləri, ildırımötürücülər, navalça və antenalardan uzaq durulması tövsiyə edilib. Hündür ağacların altında daldalanmaqdan çəkinmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək məsləhət görülüb.

