Şri-Lanka prezidenti terror aktlarının xaricdən planlaşdırıldığını istisna etmir

Şri-Lankada 250-yə yaxın insanın həyatına son qoyan terror aktları xaricdən planlaşdırıla bilər.


Bunu Şri-Lanka Prezidenti Maytripala Sirisena Sky News telekanalına müsahibəsində deyib.


"Hücumda iştirak edənlərin telefon zəngləri və onların bəzilərinin xaricdə təlim keçməsi faktı bunun mümkün olduğunu göstərir. Həmçinin İŞİD liderlərinin hadisə ilə əlaqəli olduqlarını etiraf etmələri bu fikrə gəlməyimizə səbəb olub”, - deyə prezident müvafiq suala cavab verərkən bildirib.


Xatırladaq ki, aprelin 21-də Şri-Lankada silsilə partlayışlar nəticəsində təxminən 250 nəfər həlak olub, 500-dən çox insan yaralanıb. İlk 6 partlayış Kolombo, Neqombo və Battikaloa şəhərlərindəki üç kilsə və üç oteldə törədilib, 7-ci partlayış adanın qərbində, 8-ci partlayış isə Kolombo şəhəri yaxınlığında yerləşən yaşayış kompleksində baş verib.


Terror hücumların məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb. Hakimiyyət orqanlarının məlumatına əsasən, hazırda ada dövlətinin ərazisində qruplaşmanın 130-140 üzvü fəaliyyət göstərir.