Azərbaycan Hava Yolları Atırauya ilk reysini həyata keçirib
Azərbaycan Hava Yolları Atırauya ilk reysini həyata keçirib.
AZAL-dan verilən məlumata görə, AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) Qazaxıstanın Atırau şəhərinə ilk reysini uğurla həyata keçirib.
Bildirilib ki, yeni marşrut Azərbaycan ilə Qazaxıstan arasında hava nəqliyyatı əlaqələrinin daha da genişləndirilməsi, işgüzar və turizm səfərlərinin təşviqi, eləcə də iki ölkə arasında iqtisadi və humanitar əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində növbəti mühüm addımdır.
Bakı–Atırau–Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə – bazar ertəsi, çərşənbə axşamı, cümə və bazar günləri yerinə yetiriləcək. Yeni istiqamət sərnişinlərə Qərbi Qazaxıstanın əsas iqtisadi mərkəzlərindən biri olan Atırauya rahat və birbaşa səyahət imkanı yaradacaq.
Qeyd edilib ki, Qazaxıstan Azərbaycan Hava Yollarının beynəlxalq marşrut şəbəkəsində prioritet istiqamətlərdən biridir: “Aviaşirkət iki ölkə arasında artan mobilliyi və bazar tələbatını nəzərə alaraq Qazaxıstan üzrə uçuş coğrafiyasını mütəmadi şəkildə genişləndirir. Bununla, ölkənin milli aviadaşıyıcısı sərnişinlərə daha çox seçim və rahat səyahət imkanları təqdim edir, eyni zamanda Azərbaycan ilə Mərkəzi Asiya arasında hava nəqliyyatı əlaqələrinin inkişafına töhfə verir”.
Atırau istiqamətinə biletləri www.azal.az rəsmi internet səhifəsindən, AZAL mobil tətbiqindən, aviaşirkətin kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.

