İsrail Livanın cənubunda “Hizbullah”a məxsus yeraltı obyekti məhv etdiyini açıqlayıb
İsrail ordusu Livanın cənubunda “Hizbullah” silahlı qruplaşmasına məxsus yeraltı hərbi obyektin məhv edildiyini açıqlayıb.
Bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Katzın birgə bəyanatında bildirilib.
Məlumata əsasən, obyekt Livanın cənubundakı Məcdəl Zun kəndi yaxınlığında yerləşib. Bəyanatda qeyd olunur ki, uzunluğu 200 metrdən çox, dərinliyi isə 25 metrdən artıq olan tuneldə İsrail ərazisinə hücum məqsədilə istifadə edilə bilən yüzlərlə silah və bir neçə buraxılış qurğusu olub.
Həmçinin vurğulanır ki, İsrail əməliyyat barədə ABŞ tərəfini əvvəlcədən məlumatlandırıb.
Bəyanata görə, İsrail Müdafiə Qüvvələri bölgədə qalmağa və “terror infrastrukturlarının” məhv edilməsini, eləcə də İsrailin şimal yaşayış məntəqələrinə təhdidlərin aradan qaldırılmasını davam etdirəcək.//Azərtac

