Qalibaf: ABŞ razılaşmanı pozarsa, İran tammiqyaslı müdafiəyə hazırdır

İran ABŞ-nin mümkün razılaşma pozuntusu halında ölkənin tammiqyaslı müdafiəsinə hazır olduğunu bəyan edib.

Bu barədə İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf bildirib.

Onun sözlərinə görə, Tehran ABŞ-yə etibar etmir və danışıqlar zamanı bu mövqe açıq şəkildə qarşı tərəfin diqqətinə çatdırılıb.

“Yalnız müharibəyə hazır olanlar ABŞ ilə danışıqlar apara bilər. Buna görə də biz ölkəmizi müdafiə etməyə hazırlığımızı heç vaxt dayandırmamışıq. Amerikalılar əldə olunmuş razılaşmaları pozan kimi, biz tammiqyaslı müdafiəyə hazır olacağıq, onlara qarşı qətiyyətlə çıxacağıq və İran xalqının hüquqlarına hörmət edilməsini təmin edəcəyik”, – deyə Qalibaf bildirib.

Vurğulayıb ki, müharibəyə son qoyulması bütün ölkələrin prioriteti olmalıdır. Bununla yanaşı, o qeyd edib ki, mövcud münaqişə “heç vaxt İranın təslim olması ilə başa çatmayacaq”.//Azərtac