“Electricite de France”: Framatome filialı nüvə reaktorunun hissələrinin istehsalında prosedura düzgün riayət etməyib

Fransanın “Electricite de France” (EDF) elektrik şirkəti istismarda olan bəzi nüvə mərkəzlərinin reaktorlarının hissələrinin istehsalında problemlər olması ilə bağlı məlumat yayıb.

19 nüvə mərkəzində 58 reaktor istismar edən “EDF” şirkəti Framatome filialının prosedurlara düzgün riayət etmədiyini bildirib. Filialın istehsal etdiyi və artıq istismara verilmiş 16 reaktordan altısında aparılan yoxlamalar göstərib ki, buxar generatorlarında aparılan qaynaq işləri keyfiyyətli deyil.

Buna baxmayaraq, “EDF” həmin generatorların dərhal dayandırılmasına lüzum olmadığını, hələki işə yararlı olduğunu qeyd edib.

Dövlət Nüvə Təhlükəsizliyi Təşkilatı (ASN) qarşıdan gələn həftə ərzində zərurət olduğu halda aidiyyəti reaktorların (Blayais 3 və 4, Bugey 3, Fessenheim 2, Dampierre-en-Burly 4 və Paluel 2 saylı) dayandırılması ilə bağlı qərar verməlidir.

 

Şəhla Ağalarova