Ötən gün 56 cinayətin açılması təmin olunub
Sentyabrın 30-da ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 161, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 11 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 6 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.
Eyni zamanda, narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib. Ümumi çəkisi 134 kiloqram olan narkotik vasitə və 60 güclü təsiredici xassəyə malik həb aşkarlanaraq götürülüb.
Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 3 qumbara, 1 alışdırıcı, 2 tüfəng, 5 patron darağı və 250 müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər də saxlanılıb.

