Zakir Həsənov BƏƏ-nin müdafiə işləri üzrə dövlət naziri ilə hərbi əməkdaşlığın inkişafını müzakirə edib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov BƏƏ-nin müdafiə işləri üzrə dövlət naziri ilə hərbi əməkdaşlığın inkişafını müzakirə edib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakı Ekspo Mərkəzində "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizin digər ölkələrlə hərbi-texniki əməkdaşlığının inkişaf etdirilməsinə dair bir sıra görüşlər keçirilib.
Sentyabrın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Müdafiə İşləri üzrə Dövlət Naziri və Nazirlər Kabinetinin üzvü cənab Məhəmməd bin Mübarək Fadəl Əl Mazrouei ilə görüşüb.
General-polkovnik Zakir Həsənov Azərbaycanla BƏƏ arasında son dövrlərdə hərbi əməkdaşlığın inkişafının müsbət nəticələri olduğunu qeyd edib.
Həmkarına beynəlxalq sərginin təşkilinə görə təşəkkür edən cənab Məhəmməd bin Mübarək Fadəl Əl Mazrouei Azərbaycana səfərinin və tədbirdə iştirakının xoş təəssüratlarını bildirib, qarşılıqlı səfərlərin və görüşlərin səmərəliliyini, həmçinin təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə tərəflər ölkələrimiz arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, birgə təlimlər, eləcə də müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı dövlətlər arasında dialoqun əhəmiyyəti haqqında fikir mübadiləsi aparıblar.

