Ceyhun Bayramov İƏT-də Azərbaycanın regional təşəbbüslərini diqqətə çatdırıb
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının iclasında çıxış edib.
Nazir öz çıxışında Xankəndidə keçirilmiş İƏT-in 17-ci Zirvə toplantısında qəbul edilmiş strateji Xankəndi Kommünikesi və Fəaliyyət Planının icrası məsələlərinə toxunub. O, Bakıda İƏT-in Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasını və Şuşanın 2026-cı il üçün İƏT-in Turizm Paytaxtı kimi fəal rolunu xüsusi vurğulayıb. Nazir Azərbaycanın Orta Dəhliz boyunca, o cümlədən Bakı–Tbilisi–Qars dəmir yolu və Ələt Limanı, həmçinin "Rəqəmsal İpək Yolu" vasitəsilə həyata keçirilən yaşıl rəqəmsal inteqrasiya sahəsindəki mühüm rolunu qeyd edib. O, həmçinin Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında strateji sinerjiyə diqqət çəkərək, Azərbaycanın Çolpon-Atada keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərində və Avazada keçiriləcək növbəti sammitdəki üzvlüyü və fəal iştirakını xatırladıb.
Nazir Ceyhun Bayramov 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilmiş sülh sammitindən sonrakı Azərbaycan–Ermənistan sülh prosesi barədə məlumat verib. O, etimadın möhkəmləndirilməsi tədbirlərini, tranzit məhdudiyyətlərinin aradan qaldırılmasını və azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini xüsusi vurğulayıb.

