Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq

Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazdadır, amma Mərkəzi Asiya regionunda tamhüquqlu üzv olduq.

Bu sözləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirib.

Əlbəttə ki, idarəçilik, inzibatçılıq, nəqliyyatın rəqəmsallaşması, gömrük qaydaları, hansılar ki, investorlar üçün çox açıq, aşkar, aydındır, tənzimləyici çərçivə – bütün bunlar bizim potensialımızı gücləndirir. Bizim regionda geosiyasi vəziyyət dəyişsə, 5 il əvvəlki vəziyyətə qayıtsa, biz yenə də təchizatçılar üçün çox cəlbedici olacağıq.

Qeyd edək ki, Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. Forum İqtisadiyyat Nazirliyi və Nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı, Avropa Evinin (Ambrosetti) strateji tərəfdaşlığı ilə baş tutur.

Tədbir çərçivəsində təşkil olunan plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar kimi strateji mövzular müzakirə olunur.