Orta ixtisas müəssisələrinə boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2026/2027-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul üzrə keçirilən müsabiqənin nəticələrini elan edib.

DİM-dən bildirilib ki, müsabiqədə iştirak etmək üçün 2 863 abituriyent ərizə təqdim edib. Onlardan 976 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.

Abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından, həmçinin mobil operatorlar vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə əldə edə bilərlər.

Qəbul olunan abituriyentlərin siyahısı “Abituriyent” jurnalının 10-cu nömrəsində dərc olunacaq. Jurnalın elektron versiyasının günün sonunadək www.abiturient.az saytında yerləşdirilməsi nəzərdə tutulur.

Qəbul olunan şəxslərin orta ixtisas təhsili müəssisələri üzrə qeydiyyatı yalnız my.gov.az portalı vasitəsilə həyata keçiriləcək. Qeydiyyat sentyabrın 15-i saat 15:00-dan sentyabrın 22-si saat 18:00-dək davam edəcək.

Qeydiyyatdan keçmək üçün qəbul olunan şəxslər əvvəlcə “mygov ID” vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalı, daha sonra “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyən şəxslərin müvafiq ixtisasa yerləşdirilmədən imtina etdikləri hesab olunacaq və onların qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.