Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı İqlim Həftəsi çərçivəsində CTCN-in Şərqi Avropa üzrə ilk forumunda iştirak edib
Bakı İqlim Həftəsi çərçivəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Texnologiya Mərkəzi və Şəbəkəsinin (CTCN) Şərqi Avropa üzrə Milli Əlaqələndirici Qurumlarının (NDE) ilk forumu keçirilib.
7–8 sentyabr 2026-cı il tarixlərində təşkil olunan forumda iqlim texnologiyalarının inkişafı, innovativ həllərin tətbiqi, texnologiyaya çıxış və regional əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Tədbirin açılışında çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Azərbaycanın NDC 3.0 sənədinə və İlkin Milli Adaptasiya Planına istinad edərək, su ehtiyatları, kənd təsərrüfatı, səhiyyə və ekosistemlərin iqlim dəyişmələrinə qarşı ən həssas sahələr sırasında müəyyən edildiyini diqqətə çatdırıb.
Nazir müavini süni intellekt də daxil olmaqla yeni texnologiyaların sürətli inkişafı fonunda iqlim texnologiyaları üzrə prioritetlərin mütəmadi olaraq nəzərdən keçirilməsinin və dəyişən ehtiyaclara uyğun yenilənməsinin vacibliyini vurğulayıb.
Forum çərçivəsində Şərqi Avropa ölkələrinin Milli Əlaqələndirici Qurumları arasında təcrübə mübadiləsinin aparılması, regionun ortaq iqlim çağırışlarına texnoloji və innovativ həllərin tətbiqi imkanlarının müzakirəsi, eləcə də gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi nəzərdə tutulub.

