Xaricdə ali təhsil alanlar üçün peşə tanınması imtahanının tarixi açıqlanıb

Xarici ölkələrdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan sentyabrın 29-da Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda kompüter vasitəsilə keçiriləcək.

Bu barədə  DİM-dən bildirilib. Qeyd olunub ki, ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən, müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə kvalifikasiyanın tanınması üçün ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi ilə DİM-in təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması tələb olunur.

TKTA-da qeydiyyatdan keçmiş ərizəçilər imtahandan 5 gün əvvəl DİM-in internet saytında “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi yer, bina, vaxt və digər zəruri məlumatlar qeyd olunacaq. Ərizəçilər ixtisasları üzrə proqram və test tapşırığı nümunələri ilə DİM-in internet saytında “Müəllimlik”, “Mühəndislik” və “Hüquq” bölmələrindən tanış ola bilərlər.

Müəllimlik ixtisasları üzrə imtahanda ixtisas və peşə bilikləri, həmçinin verbal test tapşırıqları vasitəsilə məntiqi təfəkkür yoxlanılır. Mühəndislik ixtisasları üzrə ixtisas bilikləri, situasiya-mühakimə test tapşırıqları vasitəsilə peşə səriştələri və məntiqi təfəkkür, hüquq ixtisası üzrə isə ixtisas bilikləri və verbal test tapşırıqları vasitəsilə məntiqi təfəkkür qiymətləndirilir.

İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunur. Hər düzgün cavab 1 balla qiymətləndirilir, hər səhv cavaba görə isə ümumi baldan 0,25 bal çıxılır. İmtahanda müvəffəqiyyət qazanmaq üçün ən azı 15 bal toplamaq tələb olunur.