AQTA: İdman qidalarının “arıqlamağa kömək edir”, “piy yandırır” kimi ifadələrlə reklamı yolverilməzdir

Son dövrlər sosial media platformalarında bəzi idman qidalarının “arıqlamağa kömək edir”, “piy yandırır”, “yağları əridir”, “bədən çəkisini azaltmağa kömək edir” və digər bu kimi ifadələrlə reklam edilməsi halları artıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, qida məhsullarının istehlakçılara bu cür çaşdırıcı ifadələrlə təqdim olunması qanunvericiliyin tələblərinə ziddir. “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, qida məhsullarının etiketində, reklamında və təqdimatında həmin məhsula xas olmayan təsir və ya xassələrin göstərilməsinə yol verilmir.
Nəzərə alınmalıdır ki, idman qidalarının tərkibində olan və arıqlama və ya piy yandırma effektləri ilə əlaqələndirilən komponentlərin bu cür təsir göstərdiyinə dair müvafiq beynəlxalq qiymətləndirmə qurumları tərəfindən tanınmış hər hansı sağlamlıq bəyanı mövcud deyil. Bu səbəbdən həmin məhsulların bu cür iddialarla təqdim edilməsi istehlakçılarda məhsulun real təsiri barədə əsassız və yanlış təsəvvür formalaşdırır.
AQTA sahibkarlıq subyektlərinə xəbərdarlıq edir: məhsulların satışını artırmaq məqsədilə hüquqi və elmi əsası olmayan xüsusiyyətlərin məhsula aid edilərək sosial media platformalarında yayılması yolverilməzdir. Sahibkarlar məhsulların reklamı və təqdimatı zamanı yalnız qanunvericiliyin tələblərinə uyğun, düzgün, əsaslandırılmış və istehlakçını yanıltmayan məlumatlardan istifadə etməlidirlər.
İnfluenserlərə və digər ictimai nüfuz sahiblərinə müraciət edərək onları geniş auditoriyaya təqdim etdikləri məhsullar barədə məlumatların doğruluğuna əmin olmağa çağırırıq. Xüsusilə, sağlamlıq və bədən çəkisi ilə bağlı konkret nəticələr vəd edən əsassız iddiaların yayılmasından çəkinmək vacibdir. İctimai etimaddan istifadə etməklə bu cür reklam iddialarının paylaşılması istehlakçıların yanlış yönləndirilməsinə səbəb ola bilər.
İstehlakçıların diqqətinə çatdırırıq ki, sosial media reklamlarında səsləndirilən hər iddia məhsulun real təsirini göstərmir. İstehlakçılar ictimai nəzarəti gücləndirməli, yalnız rəsmi və etibarlı mənbələrə əsaslanmalıdırlar.
AQTA qida məhsullarının reklamı və təqdimatı zamanı qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarəti davam etdirəcək və istehlakçıların yanlış yönləndirilməsinə səbəb olan halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcək.