Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik məktubu ünvanlayıb.
Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu tarixi gün Əlcəzair xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin, sarsılmaz iradəsinin, böyük qəhrəmanlığının və milli birliyinin əbədi rəmzidir.
Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.
İnanıram ki, qardaş xalqlarımızın maraqlarına uyğun olaraq əlaqələrimizin daha da genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da inkişaf etdirilməsi üçün birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Əlcəzair xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

