Fərid Şəfiyev: Cənubi Qafqazda sülh və sabitlik Avropanın da maraqlarına xidmət edir
Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur. Cari il ərzində Avropa institutlarının ən yüksək səviyyəli rəhbərləri - Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfərləri baş tutub. Eyni il ərzində bu səviyyədə bir sıra yüksək səviyyəli səfərlərin həyata keçirilməsi özlüyündə çox mühüm mesaj ötürür. Bu, tərəfdaşlığımızın qarşılıqlı şəkildə yüksək qiymətləndirildiyini və onun bu gün cəmi bir neçə il əvvəlki dövrlə müqayisədə daha böyük əhəmiyyət kəsb etdiyini göstərir.
Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev BMTMM və Egmont - Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutunun (Royal Institute for International Relations) birgə təşkilatçılığı ilə Brüsseldə təşkil edilən Azərbaycan-Avropa İttifaqı beyin mərkəzlərinin forumunda bildirib.
O, bu yeni mərhələnin iki əsas istiqamət üzrə ardıcıl inkişaf edəcəyinə ümidvar olduğunu qeyd edərək deyib: “Birincisi, əməkdaşlığımızın əsl dərinliyini və əhatə dairəsini əks etdirən yeni hüquqi sənədlər şəklində. İkincisi və heç də az əhəmiyyət kəsb etməyən istiqamət isə vətəndaşlarımızın görə və hiss edə biləcəkləri praktiki addımların - layihələrin, investisiyaların və təşəbbüslərin həyata keçirilməsi vasitəsilə.
Cənubi Qafqazın son dərəcə həssas geosiyasi şəraitdə olduğu bir dövrdə görüşürük. Şimalımızda və cənubumuzda müharibələr davam edir. Regionumuz bu münaqişə ocaqlarının arasında yerləşdiyindən onun üçüncü bir qeyri-sabitlik məkanına çevrilməsinə yol verməməliyik. Bu baxımdan, Cənubi Qafqazda sülhün və sabitliyin qorunması təkcə region ölkələrinin deyil, həm də Avropanın maraqlarına xidmət edir”.
Qeyd edək ki, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi ilə Belçikanın Egmont - Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu beyin mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən foruma İtaliya, İspaniya, Avstriya, Şimali Makedoniya, Rumıniya, Latviya, Niderland, İsveçdən olan beyin mərkəzlərinin təmsilçiləri, eləcə də Azərbaycandan ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu və Qarabağ Universitetindən nümayəndələr qatılıblar.//AZƏRTAC

