Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

Oktyabrın 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ölkəmizdə səfərdə olan Baş katibi İsmail Uld Şeyx Əhməd ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.

Bildirilib ki, nazir Ceyhun Bayramov İsmail Uld Şeyx Əhmədi İƏT-in Baş katibi vəzifəsinə seçilməsi münasibətilə bir daha təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. İƏT-in müsəlman dünyasının həmrəyliyinin möhkəmləndirilməsi, üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi və ortaq çağırışların həlli istiqamətində rolunun əhəmiyyəti vurğulanıb.

Görüşdə İƏT çərçivəsində Azərbaycanla əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Təşkilatın uzun illər ərzində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə görə minnətdarlıq ifadə edilib. Bu dəstəyin beynəlxalq hüququn norma və prinsiplərinin təşviqi baxımından əhəmiyyəti qeyd olunub.

Azərbaycanın növbəti ildən İƏT-ə sədrliyi çərçivəsində müəyyən edilmiş prioritetlər, Bakıda 2027-ci ildə keçiriləcək sammitə hazırlıqlar, üzv dövlətlər arasında siyasi və iqtisadi sahələrdə əməkdaşlığın gücləndirilməsi, humanitar, iqlim dəyişikliyi, gənclər, media və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də müsəlman dünyasını narahat edən məsələlər üzrə birgə səylərin artırılması ətrafında fikir mübadiləsi aparılıb.

İƏT-in institusional potensialının gücləndirilməsi, fəaliyyətinin səmərəliliyinin artırılması və müasir çağırışlara daha çevik cavab verməsi məqsədilə islahatların həyata keçirilməsinin vacibliyi vurğulanıb. Bu istiqamətdə üzv dövlətlər arasında koordinasiyanın və qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüş zamanı, həmçinin Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) xətti ilə həyata keçirilən humanitar yardım fəaliyyəti və İƏT məkanında humanitar əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Humanitar yardımın ehtiyacı olan əhali qruplarına çatdırılması, həmçinin müsəlman ölkələrində humanitar çağırışların aradan qaldırılması istiqamətində birgə səylərin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov həmçinin qarşı tərəfə regionda post-münaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verib. Bununla yanaşı, bölgədə mina təhdidləri və onun aradan qaldırılması istiqamətində tədbirlər diqqətə çatdırılıb.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.