Avqustun 18-də Baş prokuror Qubada vətəndaşların müraciətlərini dinləyəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev avqustun 18-də, saat 10:00-da Quba rayon prokurorluğunun inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Quba rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (“İnstaqram”, “Facebook” və “X”) vasitəsilə də qəbula yazıla bilərlər.

