Tağlar mağarasında Azərbaycan-Yaponiya birgə beynəlxalq arxeoloji tədqiqatların üçüncü mövsümü başlanıb
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutu ilə Tokio Universiteti arasında bağlanmış müqaviləyə əsasən Xocavənd rayonunun Böyük Tağlar kəndində yerləşən Tağlar mağarasında Azərbaycan-Yaponiya birgə beynəlxalq arxeoloji tədqiqatların üçüncü mövsümü başlanıb.
Bu barədə Arxeologiya və Antropologiya İnstitutundan bildirilib.
Mağara 1960-cı ildə Azərbaycan paleolitşünaslığının banisi Məmmədəli Hüseynov tərəfindən qeydə alınıb. 1964–1986-cı illərdə fasilələrlə aparılan tədqiqatlar nəticəsində mağaranın mövcud çöküntülərinin üçdə iki hissəsi öyrənilib. Tədqiqatlar zamanı müəyyən edilmiş altı mədəni təbəqədən 9 mindən artıq arxeoloji nümunə aşkar edilib ki, onların böyük əksəriyyəti Orta Paleolit dövrünə aiddir. Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi dosent Azad Zeynalovun rəhbərliyi ilə aparılan tədqiqatlarda aparıcı elmi işçi Yaqub Məmmədov, elmi işçilər Ülviyyə Səfərova, Pərivəs Babai və laborant Arif Qafarov, Yaponiya tərəfindən isə Tokio Universiteti Muzeyinin direktoru və Çiba Texnologiya İnstitutunun geokosmoloji tədqiqatların fənlərarası perspektivdən təşviqi üzrə direktor müavini professor Yoşihiro Nişiakinin rəhbərlik etdiyi elmi heyət iştirak edir.
Tədqiqatlarda arxeoloqlarla yanaşı, Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının üzvü Faiq Nəsibov, həmçinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Xocavənd rayonu üzrə baş mütəxəssisi Rahim Cəfərov iştirak edir. İnstitutun həyata keçirdiyi genişmiqyaslı könüllü proqram çərçivəsində qazıntı işlərinə cəlb olunan üç tələbə nəzəri biliklərini möhkəmləndirməklə yanaşı, praktiki təcrübə qazanır və tarix-mədəniyyət abidələrimizi yaxından tanımaq imkanı əldə edirlər.
Aparılmış tədqiqatlar nəticəsində mağaranın mədəni təbəqələrinin mütləq əksər hissəsi Orta Paleolit (Mustye mədəniyyəti) dövrünə aid edilsə də, Üst Paleolit nümunələri də qeydə alınıb. Mağarada insanların azı 100–35 min il əvvəl yaşadığı maddi nümunələrlə təsdiqlənsə də, hazırda mütləq yaşın müəyyən olunması üçün radiometrik təhlillər aparılır. Beləliklə, Tağlar mağarasının tədqiqi neandertal tipli insanların miqrasiyası və məskunlaşması məsələsinin öyrənilməsi ilə yanaşı, müasir tipli insanlarla münasibətlərinə də aydınlıq gətirilməsində böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə tədqiqatlarda bütün müasir qazıntı texnikası və üsulları tətbiq olunmaqla multidisiplinar araşdırmalar aparılır.

