İnstitut əməkdaşları Orta Xəzərdə elmi ekspedisiyada olublar - FOTO
20–26 iyul 2026-cı il tarixlərində ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun Su Biosistemlərinin Tədqiqi laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Süleyman Süleymanov və laboratoriyanın böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Ənvər Cəlilov Orta Xəzərin Giləzi, Sitalçay və Sumqayıt akvatoriyalarında elmi ekspedisiyada iştirak ediblər.
Ekspedisiya institutda icra olunan "Qlobal iqlim dəyişiklikləri fonunda Orta Xəzərin Azərbaycan akvatoriyasının faunasında baş verən dəyişikliklərin qiymətləndirilməsi" mövzusu üzrə tədqiqat işi çərçivəsində həyata keçirilib. Monitorinq zamanı qlobal iqlim dəyişikliklərinin Xəzər dənizinin Azərbaycan akvatoriyasının fauna müxtəlifliyinə təsirinin qiymətləndirilməsi məqsədilə kompleks elmi tədqiqatlar aparılıb.
Aparılan kompleks tədqiqatların nəticələri Xəzər dənizinin Orta Xəzər akvatoriyasında ixtiofaunanın biomüxtəlifliyi, növ tərkibi və yayılmasının müasir vəziyyəti barədə məlumatların daha da dəqiqləşdirilməsinə imkan verəcək. Toplanmış materiallar əsasında elmi təhlillər laboratoriya şəraitində davam etdiriləcək və əldə olunacaq nəticələrin Xəzər ekosistemində baş verən dəyişikliklərin qiymətləndirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.

