Azərbaycan əhalisinin sayı açıqlandı

İlin əvvəlindən ölkə əhalisinin sayı 9 287 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il iyun ayının 1-i vəziyyətinə 10 271 638 nəfərə çatıb.

Bu barədə məlumat Dövlət Statistika Komitəsinin açıqladığı 2026-cı ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 01.07.2026-cı il tarixədək işğaldan azad edilmiş ərazilərə 37 248 nəfər keçmiş məcburi köçkün geri qayıdıb.

Bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 90 316 nəfər təşkil edib.

 Qeyd edilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Bu ilin yanvar-may ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 34 056 doğulan körpə qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,2-dən 8,0-a düşüb.

Doğulan körpələrin 53,5 faizi oğlan uşaqları, 46,5 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 1 184-ü əkiz, 48-i isə üçəm olub.

Cari ilin yanvar-may aylarında ölkədə 25 511 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,9-dan 6,0-a qədər artıb.