Kitablar səltənətinin incisi: Abbasqulu ağa Bakıxanov “Məclisi-firəng”

Bakı şəhər Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin
(MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Mədəniyyət
Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin
inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə görkəmli mütəfəkkir Abbasqulu
ağa Bakıxanovun “Məclisi-firəng” poemasından bir parça təqdim olunur.
Qüdsi ləqəbilə Azərbaycan ədəbiyyatında özünəməxsus iz qoymuş
şair, yazıçı, tərcüməçi, alim, mütəfəkkir, Azərbaycanın ilk tarixçisi kimi
tanınan Abbasqulu ağa Bakıxanovun bədii və elmi yaradıcılığı çoxcəhətli və
misilsizdir. “Kitablar səltənətinin inciləri” rubrikasının təqdim etdiyi “Məclisi-
firəng” poemasında təcrübəsiz bir gənc zadəganın günlərini eyş-işrətdə
keçirən, sərbəst, mənasız həyat sürən ərli bir xanıma aşiq olması, uğursuz
məhəbbət iztirabları Abbasqulu ağa Bakıxanovun qələmiylə romantik
üslubda əks olunub.  Bu poema müəllifin ibrətamiz aforizmlərilə zəngindir.
Həqiqət axtarana lazımdır möhkəm dəlil,
Haqqı rədd ya qəbulla anlamaq mümkün deyil.
Yaxşıya da, pisə də bir pərdə çəkilmişdir.
Özgəyə ayıb tutmaq özü də ayıb işdir.
Təsəvvürdə, təftişdə zənn etmə düz yoldasan,
Təkcə sən öz əlinə arxalanmaq heç zaman.
Ağılla dərk edirik nöqsan cəhətləri biz,
Nöqsanı dərk edən ağıllıdır şübhəsiz.
Abbasqulu ağa Bakıxanovun möhtəşəm “Gülüstani-İrəm” əsəri onun
ən məşhur kitabı sayılır.
A.Bakıxanov və onun irsi hər zaman hörmətlə anılacaq.
Yazıçı Şahzadə İldırım növbəti dəfə oxuculara təqdim etdiyi
videoçarxda Abbasqulu ağa Bakıxanovun “Məclisi-firəng” poemasından bir
parça səsləndirir.