Son bir həftədə yaşıllıqlara 211 350 manat məbləğində ziyan dəydiyi müəyyən edilib

Azərbaycanda son bir həftə ərzində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 211 350 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Abşeron, Xaçmaz, Zaqatala, Zəngilan və Qəbələ rayonları ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

 Araşdırma zamanı Bakı şəhəri Nəsimi rayonu Azər Əliyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində, Nəsimi rayonu Səməd Vurğun küçəsi ilə Vaqif prospektinin kəsişməsində, Nəsimi rayonu İmran Qasımov, Mirəli Qaşqay və Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsində, Abşeron rayonu Saray qəsəbəsində, Xaçmaz rayonu Mürşüdoba kəndi, Zaqatala rayonu Muğanlı kəndi, Zəngilan rayonu Mincivan qəsəbəsi ərazisində və Qəbələ-Oğuz avtomobil yolunun Zərgərli kəndindən keçən hissəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 211350 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.