FHN avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən avtomobillərin təyin olunmamış yerlərdə, nizamsız park edilməsi səbəbindən baş verən müxtəlif fövqəladə hallar, o cümlədən yanğınlar zamanı xüsusi təyinatlı texnikaların hadisə yerinə yaxınlaşması və çevik döyüş vəziyyətinə gətirilərək operativ müdaxilə imkanları məhdudlaşır.
FHN-in mətbuat xidmətindən verilən məlumata görə, ötən gecə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayış kompleksinin ərazisində məişət tullantıları üçün ayrılmış yerdə baş verən yanğın hadisəsi də bunu bir daha nümayiş etdirir.
Qeyd olunanlarla bağlı FHN sürücülərə bir daha müraciət edərək bildirib ki, yanğın və digər fövqəladə hallar zamanı yanğınsöndürmə və xilasetmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların hadisə yerinə maneəsiz yaxınlaşması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.

