AQTA-nın sədri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli iyulun 10-u saat 10:00-da Şəki şəhər Heydər Əliyev Mərkəzində Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Bu barədə  AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq iyulun 9-dək qəbula yazıla bilərlər.

Qəbul zamanı agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.