İŞIĞI SÖNMƏYƏN ÖMÜR
Bu gün görkəmli Azərbaycan geoloqu, tanınmış alim, elm fədaisi, Azərbaycan respublikasının əməkdar mühəndisi Vasif Nağı oğlu Nağıyevin əbədiyyətə qovuşmasının 40-cı günüdür.
Bəzən insanın ömrü yaşadığı illərlə deyil, yaratdığı dəyərlərlə ölçülür. Vasif müəllim 91 illik mənalı ömrü ilə bunun ən parlaq nümunələrindən biri idi. O, həyatının böyük hissəsini Azərbaycanın geoloji quruluşunun öyrənilməsinə, faydalı qazıntı yataqlarının axtarışına, tapılıb öyrənilməsinə, ölkədə geologiya elminin inkişafına həsr etmişdi. Kəşf etdiyi yataqlar, yazdığı monoqrafiyalar və elmi əsərlər bu gün də ölkəmizin elmi xəzinəsinin qiymətli inciləridir.
Lakin onun həyat yolu yalnız geoloji və elmi nailiyyətlərlə deyil, həm də misilsiz iradəsi ilə seçilirdi.
Ömrünün son on beş ildən çox bir dövründə gözlərinin nuru sönmüşdü. Çoxları üçün bu, fəaliyyətin dayanması demək olardı. Vasif müəllim üçün isə yox. O, görmə qabiliyyətini itirsə də, həyata baxışını, elmə olan sevgisini və yaradıcılıq əzmini itirmədi. Köməkçisinə diqtə etməklə yeni elmi əsərlər yazdı, araşdırmalarını davam etdirdi, illərin təcrübəsini və biliyini gələcək nəsillərə çatdırdı.
Onun gözləri görmürdü, amma alim zəkası Azərbaycanın yer təkinin sirlərini yenə də görür, təhlil edir və elmi fikrə yeni töhfələr verirdi. O, son nəfəsinə qədər çalışdı, düşündü, yaratdı. Bu mənada Vasif müəllimin həyatı geologiyaya və əməyə sədaqətin, insan iradəsinin və mənəvi gücün əsl dastanıdır.
Bu gün onu tanıyanlar böyük bir geoloq alimi, müdrik müəllimi, xeyirxah insanı və əsl vətəndaşı dərin ehtiramla xatırlayırlar. Onun zəngin elmi irsi, yetişdirdiyi mütəxəssislər və arxasında qoyduğu dəyərli əsərlər gələcək nəsillərə xidmət etməyə davam edəcəkdir.
Vasif müəllim ”Azərbaycan Respublikasının filiz yataqları” (1995, 2007), “Kiçik Qafqazın səpinti qızıl yataqları” (2008), “Naxçıvan Muxtar Respublikasının faydalı qazıntıları” – rus (2009) və Azərbaycan (2010) dillərində, “Azərbaycanın kolçedan yataqları” (2012), “Azərbaycan Respublikası Yer qabığının geotektonika və metalligeniyası” (2017), “Avrasiya və dənizlərinin neft-qaz yataqları” (2026) monoqrafiyalarının müəllifi, 32 elmi məqalənin, 19 geoloji hesabatın və bir çox geoloji məzmunlu xəritələrin müəllifi və həmmüəllifi idi. O, Naxçıvan MR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunmuş, həmçinin “Yer təkinin kəşfiyyatı əlaçısı” və “Əməkdar mühəndis” fəxri adlarına layiq görülmüşdür.
Vasif müəllim fiziki olaraq aramızdan ayrılsa da, onun adı Azərbaycan geologiyasının tarixində silinməz iz kimi yaşayacaqdır.
Əziz xatirəniz qarşısında baş əyirik.
Allah rəhmət eləsin. Məkanı cənnət olsun.

