İranda “Airbus A300B2” təyyarəsinin vurulması nəticəsində həlak olan 290 nəfərin xatirəsi anılır

Bu gün İranda “Airbus A300B2” təyyarəsinin raketlə vurularaq 290 sərnişinin həlak olmasının 31-ci ildönümü qeyd olunur.

Tehranda və digər şəhərlərdə keçirilən tədbirlərdə həlak olanların yaxınlarına başsağlığı verilir. Bu faciə 1988-ci ildə Fars körfəzinin üzərində baş verib. Həmin il iyulun 3-də Dubaydan İranın Bəndər-Abbas liman şəhərinə uçan “Airbus A300B2” sərnişin təyyarəsi ABŞ-ın Fars körfəzindəki “USS Vincennes” hərbi gəmisindən atılan raketlə vurulub. Nəticədə sərnişin və ekipaj üzvləri ilə birlikdə 290 nəfər həlak olub. İran cinayətin baş verdiyini və hadisənin beynəlxalq məhkəmələrdə araşdırılmasını tələb etsə də digər dövlətlər bu çağırışa qoşulmadılar. O zaman ABŞ rəsmiləri bəyan etmişdilər ki, hərbçilər sərnişin təyyarəsi ilə hərbi təyyarəni ayırd edə bilməyib və yanlışlığa yol veriblər. Baş verən hadisədən 1 il sonra isə ABŞ məhkəmələri sərnişin təyyarəsini vuraraq 290 nəfərin həlak olmasında iştirak edən bütün zabitlərə tam bəraət verdi. Bəyan edildi ki, hərbi dənizçilər təlimata əsasən hərəkət ediblər və heç bir cinayət məsuliyyətinə cəlb oluna bilməzlər. Gəminin kapitanı Uilyam Radcer isə o dövrün ABŞ prezidenti Corc Buş tərəfindən “Amerika legionu” medalı ilə təltif olundu.

Qeyd edək ki, ildönümü ilə əlaqədar Tehranda keçirilən tədbirdə İran parlamentini sədri Əli Laricani də iştirak edib.

Qadin təşkilatlarının fəalları isə gəmilərlə təyyarənin qalıqlarının düşdüyü Fars körfəzinə gəzintiyə çıxıblar.