“Liverpul”  UEFA Çempionlar Liqasının qalibi olub

İyunun 1-də UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün final görüşü keçirilib.

 İspaniyanın paytaxtı Madriddə "Vanda Metropolitano" stadionunda iki ingilis klubu – “Tottenhem” və “Liverpul” klubları qarşılaşıb.

Sloveniyalı baş hakim Domir Skominanın idarə etdiyi oyunda hesab erkən açılıb. Matçın 2-ci dəqiqəsində “Liverpul”un futbolçusu Sadio Manenin cərimə meydançasının daxilində ötürməsi “Tottenhem”in müdafiəçisi Musa Sissokonun əlinə dəyib. Hakim 11 metrlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Məhəmməd Salah fürsəti əldən verməyib - 1:0.

Qoldan sonra hücumun sayını artıran “Tottenhem” rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Sağ cinahdan başlanan hücumda Kiran Trepyer rəqibin qapıçı meydançasına ötürdüyü topu qolkiper dəf etsə də, Hari Keynin vurduğu top qapıdan bir qədər aralı keçib.

Oyunun 37-ci dəqiqəsində Heunq-Min Son qapıcı ilə təkbətək çıxmağa çalışsa da, son anda özünü yetirən Trend Aleksander-Arnold komandasını qoldan xilas edib.

Birinci hissənin qalan dəqiqələrində hesab dəyişməyib və “Liverpul” fasiləyə minimal hesabla üstün yollanıb.

Gərgin idman mübarizəsi şəraitində keçən görüşün ikinci hissəsi də hücumlarla yadda qalıb. Hesabda geridə olan “Tottenhem” sürətli əks-hücumlarla rəqibin müdafiəsini yarmağa çalışıb. Matçın 56-cı dəqiqəsində londonluların futbolçusu Delli Alli cərimə meydançasına daxil olaraq qapıya qüvvətli zərbə vursa da, müdafiəçi Virjil van Deyk təhlükəni sovuşdurub. İkinci matçın sonlarına yaxın Divok Origi fərqlənib. O, “Liverpul”u önə keçirib – 2:0.