Formula 1 Azərbaycan Qran-Prisi üçün könüllü proqramına qeydiyyat mərhələsi rekord göstərici ilə yekunlaşıb
Formula 1 Azərbaycan Qran-Prisi üçün könüllü proqramına qeydiyyat mərhələsi rekord göstərici ilə yekunlaşıb.
Bakı Şəhər Halqasından (BŞH) bildirilib ki, cəmi 72 saat ərzində 49 000 müraciətin daxil olması Azərbaycan Qran-Prisi tarixində qeydə alınmış ən yüksək nəticə olub. 2024-cü ildə 16 000, ötən il isə bu rəqəm 3 ,000 təşkil etmişdi.
2026-cı il Formula 1 Azərbaycan Qran-Prisi üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, yarış bu il Bakıda 10 illik yubileyini qeyd edəcək. Məhz bu əlamətdar yubiley münasibətilə könüllü proqramına marağın daha da artdığı müşahidə olunub. İlkin qeydiyyat mərhələsi artıq başa çatıb.
Seçim prosesi zamanı motivasiyası yüksək, ünsiyyət bacarıqları güclü və komanda ilə işləmək bacarığına malik namizədlərə üstünlük veriləcəyi bildirilib.
Qeyd edək ki, ötən il 2000-dən çox könüllü Formula 1 Azərbaycan Qran-Prisində müxtəlif istiqamətlər üzrə təşkilati proseslərdə yaxından iştirak edib. Qeydiyyatdan keçmiş namizədləri qarşıda seçim və müsahibə mərhələləri gözləyir. Seçilmiş iştirakçılar daha sonra Bakı Şəhər Halqası Akademiyasının (BCC Academy) müxtəlif təlim proqramlarına cəlb olunacaq. Onlar yarış həftəsi ərzində fərqli əməliyyat istiqamətlərində fəaliyyət göstərəcəklər.

