Gənclər vacib bacarıqları itirir - PISA-nın yaradıcısı
Dünyaca məşhur standartlaşdırılmış PISA testlərinin yaradıcısı, OECD-nin Təhsil və bacarıqlar departamentinin direktoru Andreas Şleyxer xəbərdarlıq edib ki, valideynlərin təhsilə marağının kəskin azalması və texnologiyanın yaratdığı davranış dəyişiklikləri şagirdlərin nəticələrinin rekord səviyyədə aşağı düşməsinin səbəblərindən biri ola bilər.
Andreas Şleyxer bu barədə “Euronews”a müsahibəsində bildirib. Onun sözlərinə görə, Avropada şagirdlərin nəticələri ilə bağlı mənzərə “həqiqətən narahatedicidir”. Son hesabat gənclərin yaşadığımız dövr üçün xüsusilə vacib olan əsas bacarıqları itirdiyini göstərir.
91 ölkədə 15 yaşlı şagirdlərin iştirak etdiyi 2025-ci il üzrə standartlaşdırılmış testin nəticələri bu həftə açıqlanıb. Nəticələr göstərib ki, OECD ölkələrində oxu və riyaziyyat üzrə göstəricilər rekord dərəcədə aşağı düşüb.
Qiymətləndirmə şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bacarıqlarını real həyatda qarşılaşdıqları problemlərin həllinə tətbiq etmək qabiliyyətini ölçür.
“Biz görürük ki, gənclərin nəinki savadlılıq bacarıqları daha aşağıdır, həm də onların məlumatları müxtəlif mənbələrdən müqayisə və tutuşdurmaq, onlara tənqidi yanaşmaq, daha mürəkkəb mətnlərlə işləmək qabiliyyətinin azaldığını müşahidə edirik”, – deyə A.Şleyxer deyib və əlavə edib ki, bunlar süni intellekt (AI) dövründə həyati əhəmiyyət daşıyan bacarıqlardır.
“Bu texnologiya heç də həmişə dəqiq olmur və buna görə də məlumatı yoxlamaq və təsdiqləmək intuisiyası, vərdişi həqiqətən mövcud olmalıdır”.
O, həmçinin gənclərin “bizi daha çox düşünməyə vadar etmək üçün nəzərdə tutulmayan” bu cür vasitələrdən istifadəsi nəticəsində yaranan qapalı bir dövrəni təsvir edib. Onun sözlərinə görə, bu vasitələr bizə lazım olan məhz həmin bacarıqları daxildən dağıdır. Bu tendensiya PISA nəticələrində də öz əksini tapıb: Süni intellektdən istifadə etməyən şagirdlərin nəticələri, bir qayda olaraq, daha yüksəkdir.
“Əsas məsələ olduqca sadədir: idmana baxmaqla fiziki cəhətdən formada ola bilməzsiniz. Formada olmaq üçün idmanla məşğul olmalısınız. Öyrənmə də eyni prinsipə əsaslanır. Öyrənmə məzmunu sadəcə istehlak etməklə baş vermir; öyrənmə ideyalarla fəal şəkildə işləmək, onları müqayisə etmək və fərqləndirmək yolu ilə baş verir. Süni intellekt isə məhz bu prosesi içəridən boşalda bilər. Bizim müşahidə etdiyimiz də budur”.
Burada rol oynayan amillərdən biri yeni texnologiyaların, o cümlədən süni intellektin bir çox ölkələrdə inkişaf sürətinin təhsil sistemlərinin islahat aparmaq imkanlarını qabaqlamasıdır.
“İnsanlar həmişə yeni şeylər icad etməkdə onlardan ağıllı şəkildə istifadə etməkdən daha bacarıqlı olublar”, – A.Şleyxer deyib.
Bununla belə, OECD-nin qiymətləndirməsi göstərib ki, şagirdlərin düşüncə prosesində müəyyən “koqnitiv sürtünmə” yaradan, istiqamətləndirilmiş və fəal istifadə, məsələn, süni intellektin verdiyi cavabları şübhə altına almaq və onları yoxlamaq daha yaxşı öyrənmə nəticələri ilə əlaqəlidir.
“Ölkələrdə süni intellektdən şagirdləri daha çox düşünməyə, düzgün suallar üzərində düşünməyə sövq etmək, müəllimlərə isə şagirdlərin daha yaxşı öyrənməsinə kömək edən güclü vasitələr vermək üçün istifadə olunan həqiqətən maraqlı nümunələr var”, – deyə A.Şleyxer bildirib.
Onun sözlərinə görə, təhsil sistemi “süni intellektdən istehlakçı yanaşması ilə istifadədən daha yaradıcı istifadəyə keçməlidir”.
Kiçik ölkələr diqqət çəkir
1990-cı illərdə PISA testini yaratdıqdan sonra A. Şleyxer qlobal təhsil sahəsində ən nüfuzlu səslərdən birinə çevrilib. “Biz bu işə ona görə başladıq ki, 90-cı illərdə təhsildə uğuru əsasən təhsilə nə qədər vəsait xərcləndiyi və şagirdlərin neçə il sinifdə oturduğu ilə ölçürdük. Halbuki bu, əslində formalaşdırılan bacarıqlar barədə bizə çox az məlumat verirdi”, – deyə o izah edib.
Bu qiymətləndirmələr bütün dünyada milli təhsil sistemlərinin məlumatlara əsaslanan müqayisəsini aparmağa imkan verir və hətta Avropanın öz daxilində də ciddi fərqləri üzə çıxarır.
Son nəticələr göstərir ki, yeddi Aİ ölkəsində şagirdlərin nəticələri OECD orta göstəricisindən əhəmiyyətli dərəcədə yüksək, 13 üzv dövlətdə isə xeyli aşağı olub.
“Ən böyük geriləmələr Fransa, Almaniya və İspaniya kimi böyük Avropa ölkələrində qeydə alınıb. Ən maraqlı həllər isə kiçik, dinamik iqtisadiyyatlarda tapılıb”, – deyə A.Şleyxer vurğulayıb. Buna nümunə kimi Estoniyanı göstərmək olar. Bu ölkənin şagirdləri qiymətləndirmənin hər üç istiqaməti üzrə Avropada birinci, dünyada isə ilk onluqda yer alıblar.
“Bu, rəqəmsal dünya ilə ehtiyatlı, lakin çox düşünülmüş və olduqca məhsuldar şəkildə qarşılıqlı əlaqə quran ölkənin aydın nümunəsidir”, – deyə A.Şleyxer izah edib.
Valideynlərə və müəllimlərə məsləhətlər
Gələcəyə nəzər salan A.Şleyxer vurğulayıb ki, diqqət rəqəmsallaşdırılması asan olan bacarıqların öyrədilməsindən daha çox “etik qərarlar qəbul etmək” və “mürəkkəb insan münasibətlərində düzgün istiqamət tapa bilmək qabiliyyətimiz” kimi insana xas bacarıqlara yönəldilməlidir.
O qeyd edib ki, şagirdlər artıq təhsilin “passiv istehlakçıları” ola bilməzlər; onlar fəal öyrənənlərə çevrilməlidirlər. Bu isə test nəticələri açıqlanandan sonra bir çox valideynin düşündüyü sualı gündəmə gətirir: Onlar nə edə bilərlər?
“Valideynlər üçün cavab həqiqətən sadədir. Mənim əsas narahatlıqlarımdan biri Avropada valideynlərin təhsilə marağının kəskin şəkildə azalmasıdır”.
O izah edib ki, həll yolu “mətbəx masasının arxasında uşağınızla üç saat ev tapşırığı etməkdən” daha çox “məktəbdə uşağınızın üzərində işlədiyi məsələlərin sizin üçün həqiqətən əhəmiyyətli olduğunu ona göstərməkdən” keçir.
Onun sözlərinə görə, valideynləri məktəbdə gününün necə keçdiyini soruşan uşaqlar test nəticələrinə görə iki tədris ili qabaqdadırlar.
Eyni zamanda, müəllimin vəzifəsi sadəcə yaxşı təlimçi olmaqdan daha geniş anlayışa çevrilməlidir. Müəllim “əla məşqçi, yaxşı mentor, möhtəşəm istiqamətləndirici” olmalı, “şagirdlərinin kim olduqları və kimə çevrilmək istədikləri ilə səmimi maraqlanmalı və onları bu yolda müşayiət etməlidir”.
Lakin bir çox Avropa ölkəsinin müəllim çatışmazlığından əziyyət çəkdiyi bir şəraitdə A.Şleyxer vurğulayıb ki, təhsil sistemi “müəllimlərə daha çox vaxt verməli və onların daha mühüm rolu yerinə yetirməsinə imkan yaratmalıdır”.
Oruc Mustafayev

