Vaşinqton Meksikanın narkokartellərini terror təşkilatlarının siyahısına daxil edəcək

Prezident Donald Tramp şərhçi Bill O'Reyliyə müsahibəsində bildirib ki, o, Meksika narkokartellərini rəsmən xarici “terror təşkilatları”nın siyahısına daxil etməyi planlaşdırır.

Ağ evin başçısı bu gözlənilməz bəyanatından bir neçə həftə əvvəl bir amerika ailəsinin doqquz üzvü Meksikada şosedə pusquya düşərək öldürülmüşdü. Sonradan məlum oldu ki, bu hadisədə narkokartelin əli olub.

Tramp deyib ki, bu qərar Meksika narkokartelləri ilə mübarizədə Birləşmiş Ştatlara geniş səlahiyyətlər verəcək. Prezident bildirib ki, son 90 gün ərzində bu məsələ üzərində işləyir. Tramp deyib: “Biz Meksikada baş verən və Meksikadan qaynaqlanan hadisələr ucbatından hər il 100.000 insan itiririk”.

Meksikanın Xarici işlər naziri Marselo Ebrard isə jurnalistlərə bildirib ki, o, narkokartellərin terror təşkilatları siyahısına salınacağını gözləmir. Nazir həmçinin bildirib ki, Meksika onun daxili işlərinə arzuedilməz xarici müdaxiləni rədd edir.

Meksikalı diplomat vurğulayıb: Meksika onun milli müstəqilliyinin pozulmasını nəzərdə tutan heç bir hərəkətə imkan verməyəcək. Əməkdaşlığın əsası qarşılıqlı hörmətdir”.

Yusif Babanlı