Dövlət Miqrasiya Xidmətinin müraciəti
Azərbaycan Nazirlər Kabinetinin 2024-cü il 29 dekabr tarixli 561 nömrəli Qərarına əsasən, 2025-ci ilin yanvarın 1-dən etibarən viza tələb olunmadan Azərbaycana gələn Rusiya vətəndaşlarının, habelə Rusiyada daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz.
Bu tələb yetkinlik yaşına çatmayan şəxslər də daxil olmaqla, müvafiq kateqoriyadan olan bütün şəxslərə şamil edilir.
Bu barədə Dövlət Miqrasiya Xidmətinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, bununla əlaqədar, yetkinlik yaşına çatmayan şəxslərin valideynləri və digər qanuni nümayəndələri onların Azərbaycanda müvəqqəti olma müddətlərinə riayət edilməsini təmin etməli, qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olduqda, həmin müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin alınması üçün müəyyən edilmiş qaydada müraciət etməlidirlər.
Eyni zamanda, müvəqqəti olma müddəti artıq başa çatmış, lakin ölkəni tərk etməmiş yetkinlik yaşına çatmayan şəxslərin valideynləri və digər qanuni nümayəndələri mövcud vəziyyətin qanunvericiliyə uyğun həlli və ölkədən çıxış zamanı dövlət sərhədindən maneəsiz keçidin təmin edilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət etməyə dəvət olunurlar.
“Bildiririk ki, Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilmiş “Müvəqqəti olma müddətini yoxla” elektron kalkulyatoru vasitəsilə ölkəyə giriş-çıxış tarixləri əsasında cari təqvim ili ərzində istifadə edilməmiş müvəqqəti olma müddətini yoxlamaq mümkündür.
Xatırladırıq ki, Azərbaycanda müvəqqəti olma müddəti bitənədək həmin müddət uzadılmadıqda və ya müvəqqəti yaşama icazəsi alınmadıqda, ölkədə qalmaq üçün digər qanuni əsaslar olmadığı təqdirdə Azərbaycanın ərazisi tərk edilməlidir.
Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinə və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz”, - deyə məlumatda bildirilib.

