Milli Məclisin sədri Sahibə Qafarova Litvanın xarici işlər naziri Kestutis Budris ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Litvanın xarici işlər naziri Kestutis Budris ilə görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi, parlamentlərarası əlaqələrin inkişafı və regional məsələləri müzakirə edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, eləcə də fəal siyasi dialoqun ikitərəfli münasibətlərin inkişafında xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Sahibə Qafarova ölkələr arasında mövcud müqavilə-hüquq bazasının əməkdaşlıq üçün möhkəm zəmin yaratdığını bildirib. O, ötən gün imzalanmış “Azərbaycan Respublikası və Litva Respublikası arasında Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin əhəmiyyətini qeyd edərək, sənədin tərəfdaşlıq münasibətlərinin bütün sahələr üzrə daha da dərinləşdirilməsinə güclü təkan verəcəyini vurğulayıb.
Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafında parlamentlərin roluna toxunulub. Milli Məclisin sədri 2022-ci ildə Litvaya rəsmi səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırladaraq, yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verdiyini bildirib.
Parlamentlərarası əlaqələrin inkişafı üçün işçi qruplarının fəaliyyətinin genişləndirilməsinin və qarşılıqlı səfərlərin təşviqinin vacibliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, parlamentlərarası dialoq tərəflərin bir-birinin mövqeyini və maraqlarını düzgün anlamasına, qarşılıqlı məlumat mübadiləsinə, eləcə də informasiyanın obyektiv və qərəzsiz çatdırılmasına xidmət edir. Beynəlxalq parlament təşkilatlarının da açıq və konstruktiv dialoqun təşviqində fəal iştirakının əhəmiyyəti vurğulanıb.
Tərəflər energetika və bərpa olunan enerji, humanitar, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığı da müzakirə ediblər. Bu istiqamətlərdə əlaqələrin mövcud potensiala uyğun genişləndirilməsi üçün əlverişli imkanların olduğu bildirilib.
Litvanın xarici işlər naziri Azərbaycana ilk rəsmi səfərindən məmnunluğunu ifadə edib, Prezidentlə ötən gün keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb. Kestutis Budris səfər çərçivəsində aparılan müzakirələrin və imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əhəmiyyətini vurğulayıb.
O, Litvanın 2027-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrlik edəcəyini bildirərək, ölkəsinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına dəstəyini davam etdirəcəyini qeyd edib. Nazir Cənubi Qafqazı strateji əməkdaşlıq regionu, Azərbaycanı isə Mərkəzi Asiyaya çıxış və Orta Dəhlizin inkişafı baxımından mühüm tərəfdaş kimi səciyyələndirib.
Görüşdə Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi barədə də fikir mübadiləsi aparılıb. Sahibə Qafarova Azərbaycanın torpaqlarının 30 illik işğalına son qoyduğunu, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpa edildiyini bildirib. O, həmçinin azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən danışıb.
Kestutis Budris Azərbaycanın regional sülh və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfəni yüksək qiymətləndirib, ölkəmizin Vaşinqton sammitində əldə olunmuş razılaşmalara sadiqliyini və onların həyata keçirilməsi istiqamətində nümayiş etdirdiyi siyasi iradəni təqdir edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

