Azərbaycan-Avstraliya siyasi məsləhətləşmələri keçirilib
Noyabrın 23-26-da Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov növbəti Azərbaycan-Avstraliya siyasi məsləhətləşmələrində iştirak etmək məqsədilə Avstraliyaya səfər edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, genişləndirilmiş formatda keçirilən siyasi məsləhətləşmələrdə Azərbaycan tərəfdən “AzərGold” QSC-nin və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin nümayəndələri də iştirak ediblər.
Siyasi məsləhətləşmələr çərçivəsində Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstraliyanın Xarici İşlər və Ticarət Departamentinin (DFAT) nümayəndələri ilə görüşüb. Görüşdə Azərbaycan-Avstraliya münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Avstraliya Federal Parlamentinin Nümayəndələr Palatasının sədri Milton Dick, Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədrləri və üzvləri, eləcə də müxalifətin xarici işlər üzrə kölgə naziri Ted O’Brien və iqlim dəyişikliyi və energetika üzrə kölgə naziri Dan Tehan ilə görüşlər keçirilib.
Görüşlərdə parlamentlərarası əlaqələrin genişləndirilməsi, qarşılıqlı təmasların intensivləşdirilməsi və ikitərəfli əməkdaşlığın inkişafında parlament diplomatiyasının rolu müzakirə olunub.
Avstraliyanın İqlim Dəyişikliyi, Energetika, Ətraf Mühit və Su Resursları Departamentinin (DCCEEW) və Avstraliya Birliyinin Elmi və Sənaye Tədqiqatları Təşkilatının (CSIRO) nümayəndələri ilə keçirilən dəyirmi masada bərpaolunan enerji, müasir texnologiyalar və mədən sənayesi sahələrində qarşılıqlı faydalı əməkdaşlıq imkanları müzakirə edilib.
Avstraliya Ticarət və İnvestisiya Komissiyasının (Austrade) nümayəndələri ilə keçirilən dəyirmi masada isə Azərbaycan - Avstraliya ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsi, investisiya imkanları və iki ölkənin işgüzar dairələri arasında birbaşa əlaqələrin təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Dəyirmi masa görüşləri çərçivəsində Azərbaycan tərəfdən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi və “AzərGold” QSC-nin nümayəndələri müvafiq təqdimatlar ediblər.
Kanberra İnnovasiya Şəbəkəsinin (CBRIN) nümayəndələri ilə görüşdə Avstraliya Paytaxt Ərazisində innovasiya və sahibkarlıq ekosisteminin inkişafı üzrə təcrübə ilə tanışlıq olub. Universitetlər, tədqiqat institutları, dövlət qurumları və biznes sektoru arasında əməkdaşlığın təşviqi, innovativ ideyaların biznes layihələrinə və startaplara çevrilməsi, eləcə də yeni texnologiyaların kommersiyalaşdırılması mexanizmləri müzakirə edilib.
Yeni Cənubi Uels ştatına səfər çərçivəsində Elnur Məmmədov ştatın Qanunvericilik Şurasının prezidenti Bencamin Franklin ilə görüşüb. Görüşdə Azərbaycan ilə Yeni Cənubi Uels arasında əlaqələrin inkişafı, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ştatın İllavarra regionuna səfər zamanı nümayəndə heyəti Vollonqonq Universitetinin İnnovasiya Kampusuna da baş çəkib. Nümayəndə heyəti burada universitetin innovasiya ekosistemi, elmi tədqiqat nəticələrinin kommersiyalaşdırılması, startapların inkişafına dəstək, habelə universitet, sənaye və dövlət qurumları arasında əməkdaşlıq mexanizmləri ilə tanış olub. Vollonqonq şəhərinin meri Tanya Braun, Vollonqonq Universitetinin vitse-kansleri və Prezidenti Max Lu AO, eləcə də İllavarra regionunun işgüzar dairələrinin nümayəndələri ilə görüşlərdə regionun innovasiya ekosisteminin inkişafı və bu sahədə əməkdaşlıq imkanları müzakirə olunub.

