HİKMƏT VƏLİYEVİN PAMBİQ SUBSİDİYASI HANSI ƏSASLA SİLİNİB? SƏNƏDLƏR FAKTİKİ PAMBİQ TƏHVİLİNİ TƏSDİQ EDİR!
Kənd təsərrüfatı naziri cənab Məcnun Məmmədovun diqqətinə!
Bir neçə gün əvvəl fermer Hikmət Vəliyevin 2200 manatlıq pambıq subsidiyası ilə bağlı üzləşdiyi problemlə əlaqədar ictimaiyyətə məlumat vermişdik.
İndi isə məsələni təsdiq edən sənədləri də ictimaiyyətin diqqətinə çatdırmaq istəyirik.
Hikmət Vəliyev 2026-cı ilin aprel ayında 2,66 hektar torpaq sahəsində pambıq əkini aparmış və 20 aprel 2026-cı il tarixində əkinini EKTİS-də bəyan etmişdir.
Əkin bəyanında pambıq üzrə 8,5 ton məhsul proqnozlaşdırılmışdır.
Pambıq yığımı başa çatdıqdan sonra fermer məhsulunu «Azərpambıq» ASK MMC-nin Bərdə Pİ və EZ filialına təhvil vermişdir.
Əlimizdə olan rəsmi qəbul qəbzində 10 802,79 kq xam pambığın qəbul edildiyi, elektron qaimə-fakturada isə həmin miqdarın rəsmiləşdirildiyi açıq şəkildə görünür.
Yəni fermerin pambıq əkini və məhsulun tədarükçüyə təhvil verilməsi sənədlərlə təsdiq olunur.
Lakin pambıq yığıldıqdan sonra həmin sahədə yonca əkib bəyan edən Hikmət Vəliyevin pambıq məhsuluna görə nəzərdə tutulan 2200 manat subsidiyası sistemdən silinmişdir.
Fermer hüququnu təsdiq edən sənədlərlə Bərdə DAİM-ə müraciət edib. Lakin ona bildirilib ki, pambıq bəyanının sistemdən silinməsi onların səlahiyyətində deyil və «Azərpambıq» MMC-yə müraciət etməlidir.
Fermer zavoda müraciət etdikdə isə problemin Bərdə DAİM tərəfindən yaradıldığı bildirilib.
Beləliklə, fermer iki qurum arasında qalıb. Hər iki tərəf məsuliyyəti digərinin üzərinə yönəldir. Amma ortada konkret fakt var: pambıq əkilib, məhsul yığılıb, təhvil verilib və sənədləşdirilib.
Bəs 2200 manatlıq subsidiya hansı əsasla sistemdən silinib?
Fermerin bu qədər zəhmətinin qarşılığında üzləşdiyi vəziyyət artıq ciddi mənəvi və psixoloji gərginliyə səbəb olub. Səhhətindəki problemlər yenidən kəskinləşib, qan şəkəri yüksəlib.
Hikmət Vəliyev Kənd Təsərrüfatı naziri cənab Məcnun Məmmədova rəsmi müraciət edərək köməklik göstərilməsini xahiş edib.
Cənab nazir! Sizdən xahiş edirik:
1. Hikmət Vəliyevin müraciəti nəzarətə götürülsün.
2. EKTİS-də pambıq bəyanının silinməsi ilə bağlı bütün əməliyyatların tarixçəsi araşdırılsın.
3. Silinmə əməliyyatını hansı qurumun, hansı vəzifəli şəxsin, hansı tarixdə və hansı hüquqi əsasla həyata keçirdiyi müəyyən edilsin.
4. Bərdə DAİM və «Azərpambıq» MMC-nin izahatları alınsın.
5. Fermerin pambıq məhsuluna görə yaranmış 2200 manatlıq subsidiya hüququna hüquqi qiymət verilsin və qanuni əsaslar mövcud olduğu halda vəsaitin bərpası təmin edilsin.
Biz heç bir qurumu qabaqcadan ittiham etmirik. Sadəcə, baş vermiş hadisənin obyektiv araşdırılmasını, məsuliyyətin müəyyən edilməsini və fermerin hüququnun qorunmasını istəyirik.
Bir fermerin halal zəhmətinin qarşılığını almaq üçün qurum-qurum gəzməyə, məsul şəxsi axtarmağa məcbur qalması təəssüf doğurur.
Fermer dövlətin müəyyən etdiyi qaydalara əməl edirsə, dövlət qurumları da onun hüquqlarının qorunmasına eyni məsuliyyətlə yanaşmalıdırlar.
Hikmət Vəliyevin problemi həllini tapmalıdır!//https://arantv.az/

