Hörmüz boğazında gəmilərə hücumların sayı artıb

Hörmüz boğazında və ətraf sularda ticarət gəmilərinə hücumların sayı ABŞ-İran münaqişəsi başlayandan bəri ən yüksək səviyyəyə çatıb.

Bu barədə CNN dəniz hadisələrinə dair məlumatlara istinadla bildirib.

Məlumata görə, noyabrın əvvəlindən bəri regionda azı 22 hücum qeydə alınıb. Oktyabrda isə hücumların sayı 30-u ötüb. Bu, münaqişənin fevralın sonunda başlamasından bəri ən yüksək aylıq göstəricidir.

Hücumlar Hörmüz boğazı, Körfəz və Oman körfəzində gəmiçiliyə ciddi təsir göstərib. Nəticədə neft və qaz daşımalarında fasilələr yaranıb, boğazdan keçən ticarət gəmilərinin sayı kəskin azalıb.

CNN-in məlumatına görə, regionda gərginliyin artması qlobal enerji bazarına və iqtisadiyyata da təsir göstərir.

AZƏRTAC