Qarabağ və Şərqi Zəngəzurda incəsənət təhsili almaq istəyənlər üçün elektron müraciət imkanı yaradılıb
Mədəniyyət Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə incəsənət təhsilinin təşkili və uşaqların incəsənət təhsilinə əlçatanlığının təmin edilməsi məqsədilə qəbul üçün elektron müraciət imkanı yaradılıb.
Nazirlikdən bildirilib ki, Xankəndi şəhərində, Şuşa, Laçın, Kəlbəcər, Cəbrayıl və Zəngilan rayonlarında incəsənət təhsili almaq istəyən şəxslər elektron müraciət edə bilərlər.
Müxtəlif incəsənət istiqamətləri üzrə təhsil almaq istəyən şəxslər “MyCulture” vahid şəxsi kabineti üzərindən müraciətlərini təqdim edə bilərlər.
Daxil olan müraciətlər ərazilər və ixtisaslar üzrə təhlil ediləcək. Formalaşan tələbat nəzərə alınmaqla tədrisin təşkili, müvafiq ixtisasların müəyyənləşdirilməsi və müəllim təminatı istiqamətində zəruri tədbirlər görüləcək.
Bu məqsədlə “MyCulture” platformasında işğaldan azad edilmiş ərazilər üzrə xüsusi müraciət bölməsi aktivləşdirilib.

