Xalq artisti Tofiq Mirzəyev İsrailin Arad şəhərində dəfn edilib

Xalq artisti, görkəmli teatr və kino aktyoru, rejissor Tofiq Mirzəyev iyulun 21-də İsraildə vəfat edib. Mərhum aktyor ömrünün son illərini yaşadığı Arad şəhərində torpağa tapşırılıb.

Dövlət Komitəsindən bildirilib ki, dəfn mərasimində İsraildə yaşayan Azərbaycan icmasının nümayəndələri və Tofiq Mirzəyevin oğlu iştirak edib.

“Azİz” İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının vitse-prezidenti, İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman çıxış edərək Azərbaycan icması adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. O, Tofiq Mirzəyevin Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən, Vətəndən uzaqda yaşamasına baxmayaraq Azərbaycanla bağlılığını hər zaman qoruyub saxlamasından və diaspor fəaliyyətinə verdiyi töhfələrdən bəhs edib.

Vurğulanıb ki, Tofiq Mirzəyevin Azərbaycan mədəniyyətinin inkişafına və diaspor fəaliyyətinə verdiyi töhfələr hər zaman minnətdarlıq hissi ilə xatırlanacaq, onun əziz xatirəsi Azərbaycan icmasının yaddaşında dərin hörmət və ehtiramla yaşayacaq.