Xalq artisti Şükufə Yusupova qəzaya düşüb, vəziyyəti ağırdır

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin üzvü, Xalq artisti, "Şöhrət" ordenli aktrisa Şükufə Yusupova ağır yol nəqliyyat hadisəsi keçirib, hazırda vəziyyəti ağırdır.

Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Qeyd olunub ki, Xalq artisti Kliniki Tibbi Mərkəzə gətirilib, əməliyyat tələb olunur.

Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib ki, avqustun 21-i saat 18:44 radələrində 1954-cü il təvəllüdlü qadın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə qəbul olunub.
O qeyd edib ki, pasiyentə dərhal ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb: "Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib. Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir, müalicəsi Reanimasiya şöbəsində davam etdirilir".

Qeyd edək ki, dünən "İçərişəhər" metrostansiyasının yaxınlığında piyada keçidindən keçərkən Şükufə Yusupovanı maşın vurduğu bildirilir.