Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS)
M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası X.B.Natəvan adına kitabxana filialı
ilə birgə XIX əsr Azərbaycanın görkəmli şairi, xeyriyyəçi Xurşidbanu
Natəvanın həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirdi.
Tədbiri Mərkəzi Kitabxananın Abonement bölməsinin müdiri Lalə
Səlimova açaraq tədbir iştirakçılarını və qonağları salamladı.
Tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Qərbi Kaspi
Universitetinin Tarix kafedrasının müdiri Lətifə Məmmədova tədbirə onlayn
formatda qoşularaq Xurşidbanu Natəvanın təkcə gözəl qəzəllərin müəllifi
deyil, həm də xalqının rifahını düşünən, elmə, mədəniyyətə, incəsənətə
böyük qayğı göstərən görkəmli şəxsiyyət olduğunu qeyd etdi.
L.Məmmədova dedi ki, Ümummilli Lider Heydər Əliyev Xurşidbanu
Natəvanın irsinin yaşadılmasına və təbliğinə xüsusi önəm vermişdir. Onun
birbaşa təşəbbüsü ilə 1982-ci ildə Şuşada şairənin abidəsinin açılışı olmuş,
sonrakı illərdə bu siyasət qlobal səviyyədə davam etdirilmişdir. Bu iş
müstəqillik illərində də davam etdi. Ulu Öndərin siyasi kursunu davam
etdirən Heydər Əliyev Fondu “Xan qızı”nın xatirəsini beynəlxalq aləmdə də
əbədiləşdirmişdir. 2016-cı ildə Fondun dəstəyi ilə Belçikanın Vaterlo
şəhərində Xurşidbanu Natəvanın abidəsi açılmışdır. Azərbaycan
Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Xurşidbanu Natəvanın
180 illik yubileyi respublika səviyyəsində təntənəli şəkildə qeyd
olunmuşdur. Dövlət başçısının “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd
edilməsi haqqında” Sərəncamı da böyük rəqbətlə qarşılanmışdır.
İmzalanan bu sərəncamlar çərçivəsində şairin əsərlərinin yenidən nəşri,
haqqında monoqrafiyaların hazırlanması, həmçinin xatirəsinin
əbədiləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür.
L.Məmmədova qeyd etdi ki, Azərbaycan ədəbiyyatı tarixində Xurşudbanu
Natavanın adı yalnız poeziyanın deyil, həm də xeyriyyəçiliyin, maarifçiliyin
və qadın maarifçiliyinin simvoluna çevrilib. Natəvanın həyat yolu, şeirləri,
xeyirxah əməlləri və ailəsi Azərbaycan ədəbiyyatının və mədəniyyətinin
dəyərli səhifələrindən birini təşkil edir.
Tarixçi-alim L.Məmmədova vurğuladı ki, M.Ş.Vazeh adına Mərkəzi
Kitabxananın Fəxri oxucusu, yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızı
Natəvana gözəl əfsanə yazmışdır və sözügedən əsər oxucular tərəfindən
səhnələşdirilmişdir.
AYB-nin üzvü, filologiya elmləri doktoru Esmira Fuad çıxışında
Xurşidbanu Natəvanın qəzəllərində insan duyğuları, Vətənə bağlılıq,
mərhəmət və xeyirxahlığın yüksək sənətkarlıqla ifadə olunmasından, onun
təkcə şair deyil, dövrünün maarifçi və xeyriyyəçi xanımı kimi Azərbaycan
mədəniyyət tarixində silinməz iz buraxdığını, xüsusi yeri olan görkəmli
şəxsiyyət olduğunu qeyd edərək, şairin yaratdığı ədəbi irsin bu gün də öz
aktuallığını saxlamasından, əsərlərində insan sevgisi, mənəvi kamillik,
Vətənə məhəbbət və yüksək əxlaqi dəyərlərin təbliğindən bəhs etdi.
Şair, bədii qiraətçi, həvəskar musiqiçi, Vətən müharibəsi veteranı və
hərbi mütəxəssis Cəbrayıl Qənbər çıxışını belə başladı: “Sözün işığında
yaşayan insanlar heç vaxt unudulmur. Xurşidbanu Natəvan da qəlbində
sevgi, mərhəmət, vətən eşqi daşıyan böyük Azərbaycan qadını idi. Onun
poetik dünyası bu gün də qəlbləri duyğulandırır”. Qiraətçi “Olmuşam dəhri-
bəla içrə bu gün divanə mən” qəzəlindən beytlər söylədi.
Tədbirdə Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsinin böyük
kitabxanaçısı Səbirə Kərimova çıxış edərək bildirdi ki, Xurşidbanu
Natəvanın qəzəl və qoşma janrlarında yazdığı şeirləri yüksək səmimiyyəti
və lirikliyi ilə seçilir. Onun əsərlərinin mərkəzində sevgi, təbiət gözəllikləri,
insanın mənəvi aləmi və dövrünün ictimai məsələləri dayanır.
Tədbirdə iştirak edən fəal oxuculardan Rəqsanə Sayıllı, Səidə
Abdulxalıqova və digərlər tədbir iştirakçıları onları maraqlandıran suallarla
Esmira Fuada müraciət etdilər.
Tədbirin bədii hissəsində Beynəlxalq müsabiqələr laureatı, xanəndə
Maya Cəbrayılova Xurşidbanu Natəvanın şeirlərinə, qəzəllərinə yazılmış
musiqi və muğamlar ifa etdi. Xanəndə Maya Cəbrayılova bədii qiraətçi
Cəbrayıl Qənbərlə birlikdə “Yenə yarəb nə qəmgindir mənim bu şad olan
könlüm” qəzəlini bədii kompozisiya şəklində söylədilər.
Oxucular arasında sual-cavab aparıldı: Natəvan hansı janrlarda şeir
yazmışdır, Natəvanın əsərlərində əsas mövzular hansılardır, Natəvan hansı
xeyriyyəçilik işləri ilə məşhur idi və s.
Tədbirdə Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr
olunmuş videoçarx nümayiş olundu.

