Ceyhun Bayramov İsveç səfiri ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə edib

Xarici işlər naziri Ceyhun Bayramov İsveç Azərbaycana yeni təyin olunmuş səfiri Luis Morsinqi ilə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığını müzakirə edib.

Bu barədə Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat dərc edilib.

Bildirilib ki, 4 sentyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Morsinqi qəbul edib.

Səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, diplomatik fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və İsveç arasında mövcud əlaqələrin inkişaf etdirilməsi baxımından səfirin fəaliyyətinin əhəmiyyəti qeyd olunub.

Görüşdə Azərbaycan-İsveç ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, humanitar və təhsil sahələrində əməkdaşlığın perspektivləri, habelə regional məsələlər müzakirə olunub.

İki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin müntəzəm əsasda keçirilməsinin ikitərəfli gündəliyin daha da inkişaf etdirilməsinə töhfə verdiyi vurğulanıb. Bu xüsusda, qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların davam etdirilməsinin vacibliyi qeyd edilib.

Regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov bölgədə davamlı sülh və sabitliyin təmin olunmasına yönəlmiş Azərbaycanın səyləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, eləcə də regionda yeni əməkdaşlıq imkanları barədə qarşı tərəfə məlumat verib.

Görüşdə, həmçinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, regional bağlantılar, enerji təhlükəsizliyi və qarşılıqlı maraq doğuran digər beynəlxalq məsələlər müzakirə olunub.

Səfir Luis Morsinq Azərbaycan ilə İsveç arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.