SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" SOCAR Qrupunun tərkibinə daxil edilmiş "Italiana Petroli" şirkətindən həmin ölkəyə 5 min ton həcmində yüksək keyfiyyətli benzin idxal edib.

Bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, "EN 228" Avropa standartına uyğun olan yanacağın ilk partiyası SOCAR-a məxsus gəmi ilə Gürcüstana çatdırılıb.

Qeyd olunub ki, bu, "SOCAR Georgia Petroleum" ilə "Italiana Petroli" arasında ilk birbaşa kommersiya əməliyyatıdır. Təchizat SOCAR-ın "Italiana Petroli" şirkətinin səhmlərinin 99,82 %-ni almasını başa çatdırmasından sonra həyata keçirilib.

"SOCAR Georgia Petroleum" şirkətinin direktoru Nodar Kançaveli bildirib ki, "Italiana Petroli"nin neft emalı və keyfiyyətə nəzarət sahəsində təcrübəsinin SOCAR-ın beynəlxalq infrastrukturu ilə birləşdirilməsi Gürcüstan bazarında yanacaq təchizatının şaxələndirilməsinə imkan yaradır.

Onun sözlərinə görə, bu əməkdaşlıq Gürcüstanda Avropa standartlarına cavab verən yanacağın daha etibarlı və fasiləsiz təchizatına xidmət edəcək.

Xatırladaq ki, SOCAR bütün lazımi tənzimləyici razılıqları əldə etdikdən sonra 8 may 2026-cı il tarixində "Italiana Petroli" şirkətinin səhmlərinin 99,82 %-nin satın alınması prosesini tamamlayıb. Bu əməliyyat SOCAR-a Avropa qitəsində neft emalı və yanacaq pərakəndə satışı üzrə fəaliyyətini daha da genişləndirmək imkanı verib.

SOCAR-ın Gürcüstan bazarındakı fəaliyyəti isə 2006-cı ildən etibarən başlayıb. "SOCAR Energy Georgia" həmin ildə şirkətin Azərbaycan hüdudlarından kənarda təsis etdiyi ilk törəmə struktur kimi fəaliyyətə start verib.