“Biletim.az” portalı vasitəsilə onlayn qaydada 837 min 337 bilet əldə edilib
2026-cı ilin yanvar-avqust ayları ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 837 min 337 bilet əldə edilib.
Yerveinsan.az Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumata istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə çoxdur.
Bu ilin 8 ayı ərzində onlayn bilet satışının həcmi də artaraq 42,2 faizə yüksəlib. Ötən ilin müvafiq dövründə bu göstərici 28 faiz olub.
2025-ci ilin yanvar-avqust ayları ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 33,2 faiz idisə, cari ilin müvafiq dövründə bu göstərici 44,6 faizə yüksəlib. Bu artımlar sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışı imkanlarından daha fəal istifadə etdiklərini göstərir.
Qeyd edək ki, “biletim.az” portalında 58 məntəqəyə 95 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 375 reys olmaqla 423 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

