Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb.
Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin birgə məlumatında qeyd edilib.
Bildirilib ki, işğaldan azad edilmiş Xocavənd rayonunun Düdükçü kəndi ərazisində avqustun 21-də mina partlayışı hadisəsi baş verib:
"Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Şirinov Ramal Qiyas oğlunun minatəmizləmə fəaliyyəti başa çatmayan ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı Şirinov Ramal müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır".
"ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır", - deyə məlumatda bildirilib.

