Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunduğu iş üzrə məhkəmə araşdırması yekunlaşıb.

Yerveinsan.az bildirir ki, Trend-in əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmü ilə Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2, 274, 278.1 və 311.3.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib. Ona 14 (on dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Bununla belə, Mehdiyevin yaşı və mövcud xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınaraq, Cinayət Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq olunması qərara alınıb.

 Hökmdə, həmçinin Ramiz Ənvər oğlu Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq təqdimat göndərilməsi qərara alınıb.

Bundan əlavə, hökmə əsasən, Mehdiyevə məxsus əmlaklar dövlət nəfinə keçirilməklə xüsusi müsadirə edilib.

Qeyd edək ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində 2025-ci ilin oktyabr ayında cinayət işi açılıb.