Hazırda dənizdə dalğanın hündürlüyü 3 metrə yaxınlaşır

Milli Hidrometeorologiya Xidmətinin iyulun 27-si saat 13:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti narıncı xəbərdarlığa uyğun olaraq arabir 28 m/s-dək çatır. Dənizdə dalğanın hündürlüyü 2.8 metrdir.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin iyulun 27-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 23, Naftalanda 22, Xaçmaz və Gəncədə 20, Goranboyda 19, Şabranda isə 16 m/s-yə çatır.

Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Hazırda havada tozun miqdarı normadan 1.4-1.7 dəfə artıqdır. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb bu gün səhər saatlarından başlayan güclü şimal-qərb küləyinin yerin üst quru səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır.

 Tozlu hava şəraitinin sinoptik şəraitlə əlaqədar sabah günorta saatlarına qədər davam edəcəyi gözlənilir”.

Məlumata görə sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq.Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 40-41° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.